Mərkəzi Neftçilər Xəstəxanasında ürək fəaliyyəti qəfil dayanan 50 yaşlı kişinin həyatı tibb heyətinin operativ müdaxiləsi nəticəsində xilas edilib. Həkimlərin həyata keçirdiyi reanimasiya tədbirlərindən sonra pasiyentin vəziyyəti stabilləşib.
Bu barədə “Yeni Sabah”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1976-cı il təvəllüdlü kişi xəstəxanada müayinəyə başlanılmazdan əvvəl qəfil pisləşib və onda ürək fəaliyyətinin dayanması (kardiak arrest) baş verib. pizza mizza
Tibb heyəti dərhal hərəkətə keçərək ürək-ağciyər reanimasiyası və döş qəfəsinin kompressiyaları daxil olmaqla, təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirib.
Operativ və koordinasiyalı müdaxilədən sonra pasiyent Anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabilləşdikdən sonra isə Kardiologiya şöbəsinə köçürülüb. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir, müalicəsi və tibbi nəzarəti davam etdirilir.
Qeyd edək ki, ürək-damar xəstəliyindən əziyyət çəkən və daha əvvəl kardioloji müdaxilə keçirən pasiyent xarici ölkələrin birində də müayinə və müalicə alıb. Lakin səhhətində gözlənilən yaxşılaşma əldə olunmadığından müalicəsini davam etdirmək məqsədilə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.
Aytac Əliyeva
Telegram kanalımız