Xaricdən alış-veriş edənlərin sayı artır, amma gömrükdə tətbiq olunan aylıq 300 dollarlıq limit illərdir dəyişmir. Artan qiymətlər fonunda bu məbləğin vətəndaşların ehtiyaclarını əvvəlki qədər qarşılamadığı ilə bağlı müzakirələr də gündəmə gəlib.
Bəs 300 dollarlıq limit bu gün üçün yetərlidirmi? Xaricdən sifarişlərin artdığı bir vaxtda bu həddin yüksəldilməsi mümkündürmü və məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilərmi?
Milli Məclisin deputatı Müşfiq Cəfərov “Yeni Sabah”a açıqlamasında bu suallara münasibət bildirib. Onun sözlərinə görə, hazırda limitin dəyişdirilməsi məsələsi gündəmdə deyil: Marqarita pizza
“Azərbaycanda vətəndaşların şəxsi istifadə üçün elektron ticarət vasitəsilə gətirdiyi mallara tətbiq olunan aylıq 300 dollarlıq limit qüvvədə qalır və bu məsələnin dəyişdirilməsi hələ ki, gündəmdə deyil”.
Deputat deyib ki, bəziləri şəxsi istifadə adı ilə çoxlu mal gətirib satır. Limit isə bunun qarşısını alır:
“Qonşu ölkələrdə, o cümlədən Türkiyə, Avropa və Rusiya kimi ölkələrdə son dövrlər bu sahədə güzəştlər azaldılıb və ya məhdudiyyətlər tətbiq olunub. Buna baxmayaraq, Azərbaycanda sosial yanaşma qorunur və vətəndaşlar hər ay 300 dollar həcmində malları kumulyativ şəkildə il ərzində ölkəyə gətirə bilirlər. Bəzi şəxslər şəxsi istifadə adı altında rüsumsuz böyük həcmdə mallar gətirərək ölkə daxilində kommersiya məqsədilə istifadə edirlər. Limit bu cür gizli biznes fəaliyyətlərinin və vergidən yayınma hallarının qarşısını almağa kömək edir”.
M.Cəfərov bildirib ki, xaricdən ucuz malların çox gəlməsi yerli satıcılara zərər vura bilər:
“Kommersiya məqsədilə gətirilən mallardan gömrük rüsumu və ƏDV tutulmalıdır. Limit şəxsi ehtiyacları aşan malların rəsmi şəkildə bəyan edilməsini və dövlət büdcəsinə vergi ödənilməsini təmin edir. Qaydalara əsasən, təqvim ayı ərzində şəxsi istifadə üçün gətirilən malların ümumi dəyəri 300 dolları keçdikdə, limitdən artıq qalan məbləğ üçün qanunvericiliklə müəyyən olunmuş qaydada gömrük ödənişləri tələb olunur. Xaricdən rüsumsuz gətirilən ucuz mallar yerli istehsalçıların və daxili bazarda fəaliyyət göstərən sahibkarların məhsullarına olan tələbi azalda bilər. Limit daxili ticarətin zərər görməsinin qarşısını alır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız