Xarici vətəndaşlar sərhədlər açılanadək Azərbaycanda qala bilərlər  - AÇIQLAMA
08 Avq 2020 12:12
304

Xarici vətəndaşlar sərhədlər açılanadək Azərbaycanda qala bilərlər - AÇIQLAMA

Artıq  5 aydır ki, ölkəmiz dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə aparır. Məhz bu səbəblə sərhədlər bağlandıqdan sonra vətəndaşlarımızın bir çoxu xaricdən geri qayıda bilmədiyi kimi, xarici vətəndaşların bəziləri də öz ölkələrinə gedə bilməyiblər.

Məlumdur ki, xarici vətəndaşların ölkəmizdə qeydiyyadan keçdikdən sonra qalma müddəti üç aydır. Daha sonra şəxslər daha çox qalmaq istəsələr və yaxud buna məcbur qalsalar, müvəqqəti qalma müddətini uzadılması üçün ASAN xidmətə müraciət etməli və qeydiyyata alınmalıdırlar. Rusiya vətəndaşı saytımıza müraciətində  bildirib ki, o, ASAN xidmətə müraciət etsə də, müvəqqəti qalma müddətini uzada bilməyib və bu səbəblə olduqca narahatdır:

“Beş aydır ki, Azərbaycandayam. Qeydiyyat müddətim bitdikdən sonra  pandemiya ilə əlaqədar iki dəfə  müvvəqqəti qalma müddətimi uzatdırdım. Üçüncü dəfə quruma yaxınlaşdıqda artıq bunun mümkün olmadığını və ay sonu yollar açılanda getməli olduğumu dedilər. Lakin hazırda uçuş yoxdur və mən gedə bilmirəm. Bu səbəblə məni cərimələyərlər deyə narahatam. Qanuna zidd hər hansı bir şey etməmişəm. Yollar açılanadək burada qalmaq üçün nə etməli olduğumu bilmək istəyirəm”.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli bildirib ki, müvəqqəti qalma müddəti 60 gün üçün uzadılır. Şəxsin sərhədlər açılanadək Azərbaycanda qalmasında heç bir problem yoxdur:

“Əgər şəxs buraya gələndə qeydiyyata düşübsə və qeydiyyat müddət bitdikdən sonra da iki dəfə hərəsi bir aylıq olmaqla müvəqqəti qalma müddətini uzadıbsa, burada qalmasında heç bir problem yoxdur. Çünki müvəqqəti qalma müddəti sadəcə 60 günlük uzadılır və şəxsin burada qalması da mövcud şəraitlə əlaqədardır, yəni onluq heç bir problem yoxdur.  Sərhədlər ikitərəfli açılanadək şəxs burada qala bilər. Əgər hər hansı problemlə üzləşərsə, müddəti uzatmağa görə aldığı qəbzləri təqdim etsin”.

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər