“Azərbaycanda ev sığortasına marağın aşağı olmasının bir neçə əsas səbəbi var. İlk növbədə, bir çox vətəndaş sığortanı zəruri maliyyə aləti kimi deyil, əlavə xərc kimi qiymətləndirir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə, insanlar təbii fəlakət və ya digər risklərlə tez-tez üzləşmədikləri üçün sığortaya ehtiyac duymadıqlarını düşünürlər:
“Bəzi hallarda isə sığorta ödənişlərinin alınması ilə bağlı mənfi təcrübələr və ya belə təsəvvürlər də marağın azalmasına təsir edir. Bu məsələdə həm gəlir səviyyəsi, həm də sığorta mədəniyyətinin zəif olması rol oynayır. Aşağı və orta gəlirli ailələr üçün gündəlik xərclər prioritet olduğundan ev sığortasına əlavə vəsait ayırmaq çətin olur. Bununla yanaşı, sığortanın riskləri azaltmaq və maliyyə itkilərinin qarşısını almaq baxımından əhəmiyyəti barədə maarifləndirmə kifayət qədər yüksək deyil. Uzunmüddətli perspektivdə məhz sığorta mədəniyyətinin formalaşması daha həlledici amildir. Marqarita pizza
Ev sığortasının qiyməti əksər hallarda o qədər də yüksək deyil və bir çox sığorta məhsulu orta gəlirli ailələr üçün əlçatan hesab oluna bilər. Lakin gəlirlərin məhdud olduğu şəraitdə hətta nisbətən aşağı sığorta haqqı da ailə büdcəsində əlavə yük kimi qəbul edilir. Buna görə vətəndaşlar risk baş vermədən əvvəl sığortaya vəsait ayırmağa həvəs göstərmirlər”.
Ekspert onu da qeyd edib ki, ev sığortasına marağın artması üçün əhalinin maarifləndirilməsi gücləndirilməli, sığorta şirkətlərinin fəaliyyəti daha şəffaf olmalı və ödəniş prosesinə inam artırılmalıdır:
“Eyni zamanda, daha çevik və münasib qiymətli sığorta paketlərinin hazırlanması, rəqəmsal xidmətlərin genişləndirilməsi və dövlət tərəfindən icbari sığorta qaydalarına nəzarətin gücləndirilməsi də bu sahəyə marağın artmasına müsbət təsir göstərə bilər”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız