Oktyabrın 4-də Bakının Xətai rayonundakı Mirzə Davud küçəsində Vətən müharibəsi şəhidləri Orxan Zöhrab oğlu İsmayılov, Fərid Ərəstun oğlu Əsgərov və Əli İbrahim oğlu Qasımovun xatirə lövhələrinin açılış mərasimi keçirilib.
Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, qazilər, şəhid ailələri və digər ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. pizza sifarişi
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidlərə Allahdan rəhmət, onların valideynlərinə və doğmalarına isə səbir diləyib.
R. Quluyev xatırladıb ki, 2020-ci ilin 27 sentyabrından - İkinci Qarabağ savaşının başladığı gündən etibarən ard-arda qələbə qazandıq: “Elə gün olmadı ki, ordumuz hansısa kəndi, qəsəbəni, yüksəkliyi əldə etməsin. Düzdür, bizim müasir silahlarımız, hərbi texnikamız var idi. Lakin o texnikadan da yüksək peşəkarlıqla idarə etmək lazım gəlirdi. Əsgərlərimiz, zabitlərimiz heç bir maneəyə məhəl qoymadan irəlilədilər. Qısa müddət ərzində dünya hərb tarixində görünməyən, yaşanmayan Qələbəni qazandıq. Azərbaycanın ərazi bütövlüyünü, dövlət sərhədini tam təmin etdik. Vətən müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsidir”.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycanın bütün şəhərlərində, kəndlərində, qəsəbələrində ölkəmizin qəhrəmanlıq tarixini, salnaməsini yazan igidlərimizin xatirəsinə ucaldılan abidələrin açılış mərasimləri keçirilir: “Bu gün də 3 qəhrəman Vətən oğlunun qəhrəmanlığını təcəssüm etdirən xatirə lövhəsinin açılışına toplaşmışıq. Ümumiyyətlə, Vətən, torpaq uğrunda canından, qanından keçən hər bir qəhrəman hərbçimiz Azərbaycan tarixində, xalqımızın qəlbində əbədi yaşayacaq. Mən bu qəhrəmanların ruhu qarşısında baş əyirəm. Belə cəsur övladlar böyütdükləri üçün onların valideynləri qarşısında baş əyirəm. O valideynlər qürur hissi keçirməlidirlər. Çünki onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını sevmək nümunəsini ortaya qoyan gənclər böyüdüblər. Ona görə də bu gənclərin həyatı hər birimiz, xüsusilə gənclər üçün örnəkdir.”
V. Rəhimzadə vurğulayıb ki, şəhidlərimizin uyuduğu məzarlar bizim üçün ən müqəddəs məkandır, ziyarətgahdır: “Zaman keçdikcə hər bir hadisənin mahiyyəti daha dərindən dərk olunur, həqiqi dəyərini alır. Xalqımıza Qələbə sevincini yaşadan şəhidlərimizin vətənpərvərlik məktəbindən hələ neçə-neçə nəsillər bəhrələnəcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlı bir daha təsdiq olundu”.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında söyləyib ki, əgər şəhid ataları-anaları Vətən uğrunda bir oğul itirdilərsə, minlərlə yetişən gənc nəsli qazandılar: “Ötən illər ərzində Azərbaycan gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa olundu”
Mərasimdə çıxış edən Əməkdar artist, bədii qiraətçi Azad Şükürov şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə görülən işlərə, keçirilən tədbirlərə, anım mərasimlərinə görə öz adından və mərasim iştirakçıları adından Xətai Rayon İcra Hakimiyyətinin, eləcə də YAP Xətai rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib. A.Şükürov şəhid analarına və yaxınlarına təsəlli verərək qeyd edib ki, biz bu oğulların sayəsində şərəfli anlar yaşayırıq: “Şərəfimiz, adımız, qeyrətimiz, namusumuz təmizləndi. Baxın, indi o daşın üzərində şəklini gördüyümüz üç oğul və onların döyüş yoldaşları, indi aramızda olan qazilərimiz təmizlədilər o adı. Həm də bu igidlik kimisə öldürmək, başını kəsmək, evini yandırmaq kimi başa düşülmür. İstəsələr də , istəməsələr də indi bütün dünya bu igidlikdən danışır. Bu igidlik ondan ibarətdir ki, qapısına qıfıl asılmış bir erməni evinə daxil olurlar və görürlər ki, yataqda körpə uşağı qoyub qaçıblar. Haradansa bir kökə, bir stəkan su tapıb o uşağa verirlər. Budur Azərbaycan əsgəri! Yağı düşmən Xocalıda nə etmişdi? Bizim əsgərlərimiz, igidlərimiz nə etdilər? Getdilər... Qeyrətlə, namusla döyüşdülər, vuruşdular və torpaqlarımızı geri aldılar. Vətən müqəddəsdir və o Vətənin azadlığı uğrunda vuruşmaq da şərəfdir”.
Çıxış edən şəhid valideynləri, pedaqoqlar bu cür igidləri, Vətəninin, xalqını sevən, milli dəyərlərini hər şeydən üstün tutan, rəşadət göstərib Qələbə əldə edən, torpağımızın bir qarışını belə düşmən tapdağı altında qoymayan igidlər yetişdirdikləri, təhsil verdikləri üçün qürurlu olduqlarını dilə gətirdilər. Onların şəhid övladlarının həyatının gənclərə, gələcək gəncliyə örnək olduğunu vurğulayıblar.
Tədbir Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin şagirdlərinin təqdim etdiyi ədəbi bədii kompozisiya ilə başa çatıb.
Telegram kanalımız