Bu gün Xətai rayonunda Vətən, torpaq uğrunda canlarından keçən Azərbaycan oğullarının xatirələrinin əbədiləşdirilməsi üçün müxtəlif formatda bir sıra tədbirlər keçirilib.
Yenisabah.az xəbər verir ki, Xətai rayonu Neapol küçəsi 1 ünvanında Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Firuz oğlu Əliyevin və Vətən müharibəsi şəhidi, baş leytenant Sənan Rəhman oğlu Kərimovun, eyni zamanda, rayondakı 165 nömrəli tam orta məktəbin həyətində həmin təhsil ocağının məzunları olmuş qəhrəmanların - Birinci Qarabağ müharibəsi şəhidi Fərrux Şimal oğlu Abbasovun, şəhidlər Əbülhəsən Balaş oğlu Eyvazovun, gizir Sübhan Mahir oğlu Abdurahmanlının, Rövşən Orxan oğlu Rüstəmovun, 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş pilot, mayor Təbriz Tariyel oğlu Musazadənin xatirə lövhələrinin açılış mərasimləri keçirilib.
Mərasimlər şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dominos pizza
Tədbirlərdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, şəhidlərin hər biri qəhrəmandır: “Onlar Vətənimiz naminə öz canlarından keçiblər. Biz bir ildir ki, bu ailələrlə mütəmadi əlaqə saxlayırıq. Şəhidlərimizin valideynləri bilsinlər ki, onlar qəhrəman böyütmüş insanlardır. Ona görə də bu gün onların ata-anaları başlarını dik tutmalıdırlar. Yalnız Vətənini sevən insan cəsur, qorxmaz oğul böyüdə bilər. Əlbəttə, oğul itirmək şəhid ailələri üçün çox ağırdır”.
Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu gün qəhrəman, igid, yenilməz oğullarımızın abidələrinin açılışına toplaşdıqlarını diqqətə çatdıraraq qeyd edib ki, onlar öz qəhrəmanlıqları ilə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar: “Bu oğullar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycanın ən yeni tarixinin Zəfər salnaməsini yazdılar. Ölkəmizin son 500 illik tarixində belə Zəfər yaşanmamışdı. Bilirsiniz ki, igid əsgər və zabitlərimizin əlbəyaxa döyüşdə azad etdikləri Şuşada tarixdə ilk dəfə olaraq Azərbaycan və Türkiyə dövlət başçıları birgə mühüm strateji sənəd imzaladılar. Bu, böyük bir tarixdir. Bununla da bütün dünyaya mesaj verildi ki, Azərbaycan indi istər iqtisadi, istərsə də hərbi baxımdan bölgənin ən güclü dövlətidir. Bu gün bizim iştirakımız olmadan bölgədə heç bir böyük layihə icra edilə bilməz”.
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bütün şəhərlərində, kəndlərində, qəsəbələrində ölkəmizin qəhrəmanlıq tarixini, Zəfər salnaməsini yazan igidlərimizin xatirəsinə ucaldılan abidələrin açılış mərasimləri keçirilir: "Bu gün Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşərək düşmənlərimizə istənilən məqamda istənilən layiqli cavabı verməyə hazırdır. Vətənpərvər ruhda olan bütün gənclərimiz daim öz Vətənlərini o igid, qəhrəman əsgər və zabitlərimiz kimi qorumağa hazırdırlar. Hazırda abidə kompeksləri yaradılan oğullarımızın timsalında bütün şəhidlər, qazilər, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərimiz Ali Baş Komandanın rəhbərliyi və xalqın birliyi ilə dəmir yumruğa çevrilərək Azərbaycanın 30 il ərzində işğal altında olan torpaqlarını azad ediblər. Vətən uğrunda şəhid olmağın özü çox böyük vətənpərvərlik nümunəsidir. Xalqına sevginin, dövlətinə məhəbbətin göstəricisidir. Mən bu qəhrəmanların ruhu qarşısında baş əyirəm. Belə cəsur övladlar böyütdükləri üçün onların valideynləri qarşısında baş əyirəm. Qəhrəman şəhidlərimizin valideynlər qürur hissi keçirməlidirlər. Çünki onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını sevmək nümunəsini ortaya qoyan gənclər böyüdüblər”.
Telegram kanalımız