Azərbaycanda 4500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov bildirib.
Onun sözlərinə görə, qanunvericiliyin humanistləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra məhkəmələr azadlıqdan məhrum etməyə alternativ olan, xüsusilə elektron nəzarət vasitəsinin tətbiqini nəzərdə tutan azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsinə üstünlük verilib. Nəticədə probasiya qurumlarının qeydiyyatında olan şəxslərin sayı ardıcıl surətdə artaraq, ümumən 20 minə yaxın məhkuma, cari il ərzində isə 4500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. pizza hut
A. Ziyadov əlavə edib: "Həmçinin, cari il ərzində cəza müddətinin qurtarması və digər qanuni əsaslara görə 3000-dən çox məhkumun üzərindən elektron qolbaqlar çıxarılıb.
Probasiya Xidmətinin yerli qurumları tərəfindən 89 minə yaxın şəxs probasiya qeydiyyatına götürülüb, əvvəlki illər üzrə cəza çəkən məhkumlar nəzərə alınmaqla 65 mindən çox şəxs qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qeydiyyatdan çıxarılıb.
Bundan başqa, 1495 məhkum məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib, 211 şəxsin isə cəza müddəti azaldılıb".
Xidmət rəisi qeyd edib: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının mütəşəkkil və yüksək səviyyədə icra olunması məqsədilə Probasiya Xidməti tərəfindən əməli tədbirlər görülmüş, probasiya qurumlarının qeydiyyatında olan 6600-dən çox məhkuma amnistiya aktı tətbiq olunub.
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 may 2022-ci il tarixli Sərəncamı Sərəncamına əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 6 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron nəzarət vasitələri dərhal çıxarılmış, həmçinin şərti məhkum olunmuş 3 nəfər cəzadan azad olunub.
2023-cü ildə əfv sərəncamı imzalanıb. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 118 nəfəri əhatə edən bu humanist sərəncamla şərti məhkum olunub 2, cəzasının çəkilməsi təxirə salınmış 3, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18, islah işləri cəzası üzrə 2, cərimə cəzası üzrə 88 məhkum cəzadan azad edilmiş, 5 nəfərin isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb".
Telegram kanalımız