“Qəzanın təxribat olub-olmamasını demək çox çətindir. Mən sosial şəbəkələrdən və mətbuatdan qəzaya uğrayan avtomobilin fotolarına baxdım. Maşının bu şəkildə qəzaya uğraması müəyyən suallar yaradır”.
Bunu “Yeni Sabah”a açıqlamasında Prezident yanında Xüsusi İdarənin keçmiş rəisi, ehtiyatda olan polkovnik Cavanşir Vəliyev deyib.
O bildirib ki, konsul Ramil İmranovun həlak olduğu avtoqəza adi qəzaya oxşamır: pizza
“Ümumiyyətlə burada 2 versiya var: ya konsulumuzu öldürmək istəyiblər, ya da sadəcə avtoqəzadır. Üçüncü versiya yoxdur. Birinci versiyanın olma ehtimalını gücləndirən əsas səbəb ondan ibarətdir ki, qəzada həlak olan Ramil İmranov adi adam deyil, Azərbaycanın Təbrizdəki konsuludur. Mən uzun müddət İran xəttində işlədiyim üçün, sovet dövründə Cənubi Azərbaycanla bağlı bir sıra proseslərə bələdəm. Azərbaycanlılar arasında hər dövrdə Təbriz mövzusu aktual və emosional olub. Mayın 23-də baş verən hadisənin fotolarını ağlı başında olan kimə göstərsən deyər ki, bu adi qəzaya oxşamır. Amma təbii ki, hadisə araşdırılacaq və tam dəqiq səbəb sonda məlum olacaq. Lakin təəssüflər olsun ki, 2023-cü ildə Tehrandakı səfirliyimizə edilən hücumu İran tərəfi düzgün araşdırmadı. Həmin hadisə zamanı İran polisinin müdaxilə etməməsi hələ də müəmmalı olaraq qalır. Biz qəza ilə bağlı detalları bilmədiyimiz üçün tam dəqiq qiymət vermək düzgün olmaz”.

Azərbaycan təhlükəsizlik orqanlarının vaxtı ilə İran üzrə ixtisaslaşmış əməkdaşı olan ehtiyatda olan polkovnik vurğulayıb ki, İran tərəfi hadisəni düzgün və obyektiv araşdırmalıdır:
“İranda müharibə gedir, biz bunu anlamalıyıq. ABŞ İranı vurmağa hazırlaşır, ərəb dövlətləri isə İranın düşmənidir. Bu ölkədə bizim 30 milyon soydaşımız yaşayır. Bütün bunları nəzərə alaraq, baş verən hadisəyə heç bir sübut olmadan qiymət vermək düzgün deyil. Biz buna doğru yanaşmalıyıq. Ümid edək ki, İran tərəfi hadisəni dəqiq və ədalətli foromada araşdıracaq. Ümumiyyətlə avtoqəzaya bir çox nüans səbəb ola bilər. Ola bilsin ki, sürücünün səhhətində hər hansı problem olub. Azərbaycanın özündə yezlərlə, minlərlə belə qəzalar baş verir”.
Xatırladaq ki, mayın 23-də Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranov faciəvi şəkildə dünyasını dəyişib. Azərbaycan XİN-dən verilən rəsmi məlumata görə, diplomat Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol-nəqliyyat qəzasına uğrayıb. Qəza nəticəsində konsul Ramil İmranov həlak olub. Onun cəzanzəsi Azərbaycana gətirilib və Göyçay rayonunun Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.
Nazim Hacıyev
Telegram kanalımız