Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Yarısı Paşinyanı, yarısı da Koçaryanı söyür, birlikdə isə rusları tərifləyirlər”
27 İyn 2021 16:26
717

“Yarısı Paşinyanı, yarısı da Koçaryanı söyür, birlikdə isə rusları tərifləyirlər”

Ermənistanda seçkilər başa çatdı. Qarabağda vəziyyət necə olacaq, hadisələr hansı istiqamətdə cərəyan edəcək? Müharibə bitdikdən sonra Azərbaycanın nəzarət edə bilmədiyi ərazilərdə mövcud durum-status-kvo nə vaxta qədər davam edəcək? Azərbaycan Xankəndi və ətrafına tam nəzarəti bərpa etmək üçün nədən başlamalıdır? Bu tip sualları davam etdirmək olar, amma ilk növbədə işğal altında qalan ərazilərdə seçkilərdən sonra vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini, separatçılar arasında yaranmış qarşıdurmadan hansı tərəfin bəhrələnəcəyini təhlil etmək məqsədəuyğun hesab olunur. 

Son vaxtlar Xankəndində separatçı rejimin başçısı Araik Arutunyanın istefasını tələb edən mitinqlər keçirilir. İstefa tələbləri müharibədən sonra da olmuşdu, amma İrəvanda keçirilən parlament seçkiləri zamanı Araik Arutunyanın Paşinyanın seçki qərargahında fəaliyyət göstərməsi Qarabağ klanını hiddətləndirmiş və Xankəndindəki tərəfdarlarını istefa tələbi ilə çıxış etməyə çağırmışlar. Klanın Xankəndində əsas dayaqlarından hesab edilən Vitali Balasanyan onsuz da təhlükəsizlik şurasının katibi seçildiyi bir gündən bu tələblə çıxış edir. Klan Robert Koçaryanın seçkilərdə Rusiyanın köməyi ilə qalib gələcəyini və tezliklə separatçı rejimin rəhbərliyində dəyişiklik ediləcəyini güman edirdilər, amma Paşinyanın qələbəsi daşnakların, klanın planlarını boşa çıxardı, bununla belə onlar daxili mübarizədən imtina etməyiblər və Qarabağdakı rejimin İrəvanla əlaqələrini kəsmək niyyətindədirlər. Koçaryan və tərəfdarları Qarabağı de-fakto Moskvaya tabe etdirmək, Paşinyanı Xankəndində arzuolunmaz şəxsə çevirmək planlarını işə salmaq üçün ilk olaraq Araik Arutunyandan başlamaq istəyirlər. 

Məsələ burasındadır ki, qondarma rejimin başçısı seçki yolu ilə seçilməlidir, amma mövcud şərait, yəni Rusiya sülhməramlılarının bölgədə olması seçkinin olmayacağını şərt olaraq təsdiqləyir. Xatırlayırsınızsa ilin əvvəlində Araik Arutunyan siyasətdən gedəcəyini, bizneslə məşğul olacağını bildirmişdi. Hər üç tərəfin səlahiyyətli rəsmiləri ilə görüşdən sonra məlum oldu ki, Arutunyan qalır və seçki də olmayacaq. İlk növbədə Azərbaycan istənilən seçkini 10 noyabr bəyanatına zidd olaraq qəbul edəcək, bu isə hətta hərbi əməliyyatlara başlamaq üçün əsas ola bilər.

Moskva separatçı rejimlə rəsmi İrəvanı qarşı-qarşıya qoymaqla hər iki tərəfi özündən asılı vəziyyətə salmağa çalışır. Bunun üçün Qarabağdakı idarəetmə sisteminə dəyişiklik etmək ideyalarını indidən gündəmə gətirirlər. Keçmiş Dağlıq Qarabağda qondarma prezidentlik institutu ləğv edilir, əvəzində hakimiyyəti mərkəzləşməmiş vəziyətə salıb, hansısa “şuraya” təslim etmək gözlənilir. Yəni, vaxtilə Serj Sarkisyan tərəfindən yazdırılmış qondarma “Konstitusiya”nı dəyişmək separatçıların gündəmindədir, məqsəd də Nikol Paşinyanın adamı kimi Araik Arutunyanı uzaqlaşdırmaqdır. Parçalanmış Qarabağ separatçılarının, ümumiyyətlə özlərinin dediyi kimi “Qarabağ ermənilərinin yarısı Nikol Paşinyanı, yarısı da Robert Koçaryanı söyür, birlikdə isə rusları tərifləyirlər”. Bu vəziyyət təkcə Qarabağdakı  ermənilərə  deyil, bütün Ermənistana və ermənilərə aiddir və həmişə olduğu kimi Rusiyaya sərf edir. 

Paşinyan höküməti formalaşdırdıqdan sonra maksimum ölkənin iqtisadi siyasəti ilə məşğul olacağı gözlənilir, Qarabağ siyasəti, sərhədlərin demarkasiyasını arxa plana keçirməyə çalışacaq və vaxt udmağa çalışacaq. O, buna  Azərbaycanın qeyd olunan məsələlərlə bağlı fəal siyasət aparmayacağı təqdirdə nail ola bilər. Yay fəslində siyasi fəallıq aşağı düşsə də, yüksək dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər və Laçın istiqamətində sərhədlərin yekun olaraq müəyyənləşməsini həll etmək lazımdır. Yoxsa erməni təxribatları sərhəddə tez-tez baş verəcək, necə ki, rəsmi məlumata görə bu gün olub. 

Ermənistanda yeni hökümət formalaşanda yəqin XİN başçısı da təyin olunacaq və təzə nazir Minsk Qrupu ilə görüşlərə başlayıb bir müddət də zamanı belə uzadacaq. Sonra qış gələcək, havaların yaxşılaşmasından sonra sərhədlərin demarkasiyasından danışacaqlar, arada status söhbətini qızışdırıb daha çox istəklərini ortaya qoyacaqlar. Düşmənimizi bu illərdə yaxşı tanımışıq, necə hiyləgər və məkrli olduğunu bilirik, ona görə də kimin nə zaman nə edəcəyini deyil, özümüzün nə görəcəyini tezliklə konkretləşdirməli və işə başlamalıyıq.

Ilham Ismayil

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər