Yay aylarında havanın temperaturu yüksəldikcə insanların əksəriyyəti sərinlənmək üçün soyuq duş qəbul etməyə üstünlük verir. İlk baxışdan zərərsiz görünən bu vərdiş bəzi hallarda sağlamlıq üçün gözlənilməz təhlükələr yarada bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bədənin həddindən artıq qızmış vəziyyətdə olarkən qəfil buz kimi su ilə təması ürək-damar sisteminə ciddi yük salır. Xüsusilə xroniki ürək-damar xəstəlikləri olan şəxslər bu məsələdə daha ehtiyatlı davranmalıdırlar.
“Yeni Sabah” xəbər verir ki, kardioloqların sözlərinə görə, isti mühitdən dərhal sonra çox soyuq su altında duş qəbul etmək orqanizmdə “temperatur şoku” yarada bilər. Bu zaman dəri damarları ani şəkildə daralır, arterial təzyiq qısa müddətdə dəyişə bilir və ürəyin işi sürətlənir. Sağlam insanlarda belə bu vəziyyət başgicəllənmə və halsızlıq yarada bilər.
Rusiyalı kardioloq, tibb elmləri namizədi Anna Koreneviç bildirib ki, insan bədəni kəskin temperatur dəyişikliklərini həmişə rahat qəbul etmir. Onun sözlərinə görə, günəş altında uzun müddət qaldıqdan sonra dərhal buz kimi suyun altına keçmək ürək-damar sisteminə əlavə gərginlik yaradır. Pepperoni pizza
“İstidən sonra damarlar genişlənmiş vəziyyətdə olur. Çox soyuq su ilə təmas isə onların ani daralmasına səbəb olur. Nəticədə ürək daha çox işləməli olur. Hipertoniya, ürəyin işemik xəstəliyi və ritm pozğunluğu olan insanlarda bu vəziyyət xoşagəlməz nəticələrə səbəb ola bilər”, – deyə həkim izah edib.
Həkim qeyd edib ki, bəzi insanlarda qəfil temperatur dəyişikliyi reflektor damar spazmı yarada, arterial təzyiqin yüksəlməsinə və ya enməsinə səbəb ola bilər. Nəticədə başgicəllənmə, göz qaralması, ürəkdöyünmə, sinədə narahatlıq hissi və hətta huşun itirilməsi müşahidə oluna bilər.
Risk qrupuna daxil olanlar bunlardır:
Hipertoniya xəstələri;
İnfarkt və insult keçirmiş şəxslər;
Ürək çatışmazlığı olanlar;
Aritmiyadan əziyyət çəkənlər;
Yaşlı insanlar;
Şəkərli diabet xəstələri.
Kardioloql bildirir ki, sərinlənməyin ən təhlükəsiz yolu suyun temperaturunu tədricən azaltmaqdır. Əgər insan uzun müddət günəş altında qalıbsa, əvvəlcə kölgədə 10-15 dəqiqə dincəlməsi, bədən temperaturunun nisbətən normallaşmasını gözləməsi tövsiyə edilir. Bundan sonra ilıq su ilə duş qəbul edib, suyun temperaturunu mərhələli şəkildə aşağı salmaq daha məqsədəuyğundur.
Həkim duşun temperaturunun həddindən artıq aşağı olmamasını da vacib hesab edir. Çox soyuq su orqanizmi daha tez sərinlətsə də, ürək və damarlar üçün əlavə stress yarada bilər. Bu səbəbdən yay aylarında orta temperaturda su ilə duş qəbul etmək həm təhlükəsiz, həm də daha faydalı sayılır.
Mütəxəssis onu da vurğulayıb ki, isti havada təkcə duş deyil, kondisionerli otaqdan birbaşa 40 dərəcə isti havaya çıxmaq və ya əksinə, günəşdən gəlib buz kimi otağa daxil olmaq da orqanizm üçün eyni dərəcədə kəskin temperatur fərqi yaradır. Buna görə temperatur dəyişikliklərinin mümkün qədər mərhələli olması tövsiyə edilir.
Onun fikrincə, yay aylarında sağlam qalmağın əsas şərtlərindən biri orqanizmi qəfil temperatur dəyişikliklərinə məruz qoymamaq, kifayət qədər su qəbul etmək və günün ən isti saatlarında fiziki yüklənmədən çəkinməkdir. Sadə görünən bu qaydalara əməl etmək ürək-damar sistemi üçün yarana biləcək riskləri əhəmiyyətli dərəcədə azalda bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız