2024-cü ilin astanasındayıq. Yeni ili qarşılamaq üçün artıq planlar cızılır.
Nəzərə alsaq ki, Yeni il ərəfəsində qeyri-iş günləridir, hər kəs bu fürsəti dəyərləndirmək, bayram günlərini yaddaqalan keçirmək istəyir. Bir qisim insanlar Yeni ili evlərində qeyd etsə də, ölkədaxili müxtəlif məkanlara, bölgələrə və ya ölkə xaricinə üz tutanlar da az deyil.
Bölgələrə qar yağdığını nəzərə alsaq, paytaxt sakinlərinin əksəriyyəti rayonlara üz tutmaq istəyirlər. Lakin bu, o qədər də asan deyil, bunun üçün xeyli vəsait tələb olunur. Marqarita pizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, hazırda bayramı ölkə xaricində qeyd etməklə bölgələrdəki hotellərdə istirahət arasında qiymət fərqləri cüzidir. Buna baxmayaraq, vətəndaşlar bölgələrə daha çox üstünlük verirlər:
“Bayram günlərində tələbatın artması ilə əlaqədar olaraq qiymət bahalaşır. Bildiyiniz kimi, quru sərhədlərimiz hələ də bağlıdır, xaricə səyahət yalnız təyyarə ilə həyata keçirilir ki, bura da təyyarə bileti, qalmaq, qidalanma aiddir. İndiki halda xaricə səyahətlə bölgələrdəki hotel qiymətlərini müqayisə etdikdə elə də ciddi fərq yaranmır. Buna baxmayaraq, insanlar bölgələrdə istirahət etməyi üstün tuturlar. Vətəndaşlar xüsusən paytaxtdan çox da uzaq olmayan, turizm infrastrukturu inkişaf etmiş bölgələri – Qəbələ, Şəki, Lənkəran, Quba-Qusar zonasını seçirlər. Hansı bölgədə böyük hotellər, yeni il şənlikləri, əyləncəli proqramların keçirilməsi üçün şərait varsa, həmin yerlərə tələbat daha çoxdur”.
Ekspert qeyd edib ki, hotellərdə 2 nəfərlik proqramlar 1500 manatdan başlayır və məbləğ təklif edilən xidmətlərə əsasən artır:
“Tələbatın çox olmasına görə də qiymətlər belə baha olur. Əsasən də Yeni il şou-proqramları, əyləncələri, qidalanması olan hotellərdə iki nəfərlik otaq 1500 manatdan 3500 manata qədər dəyişir.
Kənd evlərinin sayı son dövrlər artmaqdadır. Qiymətləri hotellə müqayisədə daha ucuz başa gəlir, çünki orada sadəcə qalma, yerləşdirilmə təklif olunur. Hotellərdə isə səhər yeməyi, otağın təmizlənməsi, daha geniş çeşidli xidmətlər təklif olunur. Buna görə də qiymətlər baha olur. Xüsusən regionlara səfər edənlər daha uyğun qalma yeri üçün kənd evlərini seçə bilərlər.
Bu, səfər edənlərin seçimlərindən və istəklərindən asılıdır, əgər onlar əyləncə, qidalanma istəyirlərsə, kənd evlərini seçmirlər. Səfərin məqsədlərinə görə qiymətlərdə fərq yaranır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız