Yeni tikiləcək binalar üçün   TƏLƏBLƏR MÜƏYYƏNLƏŞDİRİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Yeni tikiləcək binalar üçün TƏLƏBLƏR MÜƏYYƏNLƏŞDİRİLDİ

Sosial

03 İyun 2026 19:07 238


"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları" təsdiq olunub.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qaydaların tələbləri yeni bina və qurğuların layihələndirilməsi, yenidən qurulması, mövcud olanların isə əsaslı təmiri və uyğunlaşdırılması, eləcə də ümumi istifadəli ərazilərin planlaşdırılması zamanı yerinə yetirilməlidir. pizza mizza

Bu normalar ümumi istifadədə olan ərazilərin, bina və qurğuların funksional-planlaşdırma elementlərinə, onlar üçün ayrılmış torpaq sahələrinə, o cümlədən bina və qurğulara yaxınlaşma yollarına, girişlərə, daxili kommunikasiyalara, təxliyə yollarına, yaşayış və xidmətlərin göstərilməsi üçün otaqlara və iş yerlərinə şamil edilir.

Bunlar həmçinin binaların, qurğuların, ümumi istifadədə olan ərazilərin və torpaq sahələrinin informasiya və mühəndis təchizatına da aiddir.

Yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisində universal dizayn (layihələndirmə) əsasında əlilliyi olan şəxslərin bu obyektlərə maneəsiz müyəssər olması təmin edilməlidir.

Layihə həlləri bina və qurğularda, onların torpaq sahələrində, eləcə də ictimai istifadədə olan ərazilərdə əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunanları təmin etməlidir:

- xidmət məntəqələrinə qədər məsafələr və hərəkət yollarının parametrləri nəzərə alınmaqla əlçatanlığı;

- hərəkət yollarının, o cümlədən təxliyə yollarının, məqsədli ziyarət və xidmət göstərmə yerlərinin, iş yerlərinin təhlükəsizliyi;

- təhlükəli yanğın amillərinin təsirinin qarşısını almaq üçün binadan, qurğudan və ya yanğından mühafizə zonasına vaxtında və maneəsiz təxliyə üçün şəraiti;

- xidmətlərin göstərilməsi və nəzərdə tutulmuş yerlərə getmək məqsədi ilə hərəkət üçün zəruri olan dolğun və keyfiyyətli məlumatın vaxtında alınmasına şəraiti.

Bina və ya qurğunun torpaq sahəsinin minimal ölçüsünə bina ilə funksional əlaqəli, əlilliyi olan şəxslər tərəfindən idarə olunan və ya onları daşıyan nəqliyyat vasitələri üçün yanaşma yolları və dayanacaqları (parklanma yerləri), əlilliyi olan şəxslərin hərəkət imkanlarına uyğunlaşdırılmış piyada yolları və istirahət yerlərini yerləşdirmək üçün zəruri sahə daxil edilməlidir.

Layihələndirilən və ya uyğunlaşdırılan obyektin torpaq sahəsinin girişlərində obyekt haqqında əlilliyi olan şəxslər üçün əlçatan olan məlumat vasitələri quraşdırılmalıdır.

Sənədə əsasən, mürəkkəb relyefli tikilib abadlaşdırılmış ərazilərdə layihələndirilən piyada yollarında əlilliyi olan şəxslərin hərəkəti mümkün olmadıqda, həmin şəxslərin hərəkəti üçün uyğun şəraitli, obyektlər arasında məsafə 300 m-dən çox olmamaqla alternativ yolların çəkilməsi nəzərdə tutulmalıdır. İxtisaslaşdırılmış yaşayış binaları və ixtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələri yanğınsöndürmə məntəqələrindən 3 min metrdən çox olmayan məsafədə yerləşdirilməlidir.

Bundan başqa, nəqliyyat və piyada yollarının kəsişməsində hündürlük fərqi 0.2 m-dən çox olmadıqda piyada yolları bordür pandusları və (və ya) süni maneələrlə təmin edilməlidir.

Bordür pandusları yolun hər iki tərəfindən səki və ya piyada yolunda, toplaşma meydançası olduqda isə onun üzərində yerləşdirilməlidir. Onlar eyni şərti xətt üzərində, yolun hərəkət hissəsinin oxuna perpendikulyar və ya piyada keçidinin oxuna paralel təşkil edilməlidir.

Əlilliyi olan şəxslər üçün piyada yolunun hərəkət hissəsinin eni azı 2 m olmalıdır.

Layihələndirilən bina və qurğuların sahələrində xarici pilləkən marşlarının eni azı 1.35 m olmalıdır.

Əlilliyi olan şəxslərə xidmət göstərilən və onların daimi yerləşdiyi yerlər binaların otaqlarından çölə aparan təxliyə çıxışlarından mümkün olan qədər yaxın məsafədə yerləşdirilməlidir.

M2-M4 hərəkətlilik qruplarına aid əlilliyi olan şəxslərə xidmət göstərilən yerlər otaqların çıxışından 15 m-dən çox olmayan məsafədə qurulmalıdır.

Otaqlardan təxliyə üçün çıxış qapılarının eni azı 1.2 m qəbul edilməlidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!