Yenidən maska taxmağa, evdə qalmağa hazırıqmı? - “Karantin qərarı verilsə...”

Yenidən maska taxmağa, evdə qalmağa hazırıqmı? - “Karantin qərarı verilsə...”

Sosial Veb saytların hazırlanması

19 Sentyabr 2023 11:35 501


Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında COVID-19 dalğasının hələ də davam etməsini - yoluxma hadisələrinin sayının artmasına görə virusun “Eris” ştammını yeni variant kimi elan edib. Omikronun alt variantı ilə əlaqəli olan EG.5 ştammının sağlamlıq riski hazırda mütəxəssislər tərəfindən qiymətləndirilir. Qurumun rəsmiləri bu ştammın böyük infeksiya dalğasına səbəb ola biləcəyini istisna etmirlər. 

İnfeksionistlər bu virusdan qorunmaq üçün maska taxmağı, insanların sıx olduğu yerlərdən uzaq durmağı tövsiyə edirlər. Mütəxəssislərin sözlərinə görə, əgər insanlar deyilən qaydalara riayət etməsə virus daha da yayılacaq və karantin rejimi qaçılmaz olacaq. 

Bəs Azərbaycan cəmiyyəti psixoloji cəhətdən yenidən qapanmalara hazırdırmı? Qaydaların sərtləşdirilməsi insanlara necə təsir edə bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, ölkədə yenidən qapanmalar müzakirə mövzusu olarsa, bu, psixoloji cəhətdən insanlara böyük zərbə olacaq: 

"Mən diqqət edirəm, hər dəfə virusun yayılacağı, yenidən karantinin olacağı barədə söz-söhbət çıxanda insanlar bunu təşviş və qorxu içində qarşılayırlar. Bilirəm ki, yenidən karantin, yaxud hər hansı qapanmalar olarsa, Azərbaycanda insanlar bunu heç də xoş qarşılamayacaqlar. İnsanlara ikinci dəfə bunu yaşatsaq, böyük psixoloji problemlər ortaya çıxacaq. İnsanlar uzun müddətdən sonra karantin şəraitindən çıxıblar, istədikləri yerə gedə bilirlər, azadlığı əldə ediblər, iş yerləri açılıb, onları yenidən qapanmalara məcbur etmək böyük zərbə olacaq". 

Onun sözlərinə görə, virusun dərmanının tapılmaması insanları daha çox panikaya salır:

"Yenidən karantin olarsa, biz yenə panikaya düşən insanlar görəcəyik. Yenə psixoloji cəhətdən sarsılmış şəxslərin sayının artması ilə rastlaşacağıq. Bilmirəm virusun yeni ştammı nə dərəcədə təhlükəlidir, amma zaman-zaman bu tip viruslar - donuz qripi, quş qripi dünyada yayılmışdı. İnsanlar həmin vaxt da bunu qorxu ilə qarşılamışdılar, sonra virusun dərmanı tapılanda artıq qorxmurdular. Lakin hər hansı yeni virusun gəldiyini, onun dərmanının hələ tapılmadığını bildikdə insanlar qorxuya düşür, panika yaşayırlar". 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!