Türkiyədə baş verən zəlzələ Azərbaycanda da böyük təlaş yaratdı. Müvafiq qurumlar Azərbaycanda belə bir təhlükənin olmadığını bildirsələr də, insanların narahatlığı davam edir.
Bəs görəsən, bu cür situasiyalarda - zəlzələ yaxud digər təbii fəlakətlər zamanı necə davaranmaq lazımdır? Bu zaman insanlar içlərindəki qorxunu necə məğlub etməlidirlər? Həddən artıq qorxu və təşviş insan psixologiyasında hansı izlər buraxa bilər?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bu cür hadisələrin həssas insanlara böyük sarsıntı yaşatdığını bildirib:
“Ümumiyyətlə, zəlzələ adı hədsiz həssas insanlarda o anı xatırladacaq sarsıntı yaşada bilir. Belə hadisələr digər, yaxud qonşu ölkələrdə baş vermiş olsa belə, bir qisim insanlarda yuxu pozğunluğu, ani əsəb partlamaları, depressiya, qida qəbulunda pozğunluq, ümidsizləşmə hissi, baş gicəllənmələr, keyimə, uyuşma halları psixosematik reaksiyalar özünü göstərə bilir. Hətta özünü güvəndə hiss etmək üçün zəlzələ çantası hazırlayanlara da rast gəlinir”.
Onun sözlərinə görə, dayanmadan təbii fəlakətin baş verəcəyinə inanmaq, özünü buna hazırlamaq psixoloji problemdir:
“Hər ehtimala qarşı, təbii ki, özünü sığortalama hissi, işini möhkəm tutmaq normal hal hesab edilə bilər, amma təbii fəlakətlər anidən baş verir. Bunu sanki oturub gözləmək, təşviş-həyəcan yaranmasına, bu hadisənin olacağına fikri fokuslamaq artıq psixoloji problemdir.
Həyat, iş, ailə, təhsil davam edir. Təbii fəlakət illərlə aralıqlarla baş verən ya verməyən hadisədirsə, həyatın içində hər gün təhlükə var. Yol gedib-gəlirik, xəstəliklər və sairə. Burada yaranan qorxuyla, təşviş-həyacanla bacarmaq lazımdır. İnsanın anlamadığı, daxilindəki əndişə, narahatlıq, səksəkədə qalma, qorxu hissini basdırmaq olmaz. Belə hallar rast gəlinirsə, psixoloqa müraciət etmək, professional dəstək almaq mütləqdir. Müvəqqəti rahatlama üçün panik xəbərlərdən uzaq qalmaq, rahatladıcı musiqi, tənəffüs məşqləri etmək tövsiyə olunur”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız