Zaur İbrahimli: “Əliyevin mesajları regiondakı risklərə hazırlığı göstərir”

saytların hazırlanması

Evə çatdırılma

Zaur İbrahimli: “Əliyevin mesajları regiondakı risklərə hazırlığı göstərir”

Siyasət

13 İyul 2026 16:51 221


“Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər həm Azərbaycanın Ukrayna müharibəsinə yanaşması, həm də regiondakı təhlükəsizlik məsələlərinə dair fikirləri geniş müzakirələrə səbəb olub. Dövlət başçısının “Ukrayna işğalla barışmamalıdır” mesajı, qonşu dövlətlərə məsuliyyətli davranış çağırışı və Azərbaycanın təhlükəsizliklə bağlı mövqeyi xüsusi maraq doğurub”.

Bunu “Yeni Sabah”a siyasi şərhçi Zaur İbrahimli bildirib.

Onun sözlərinə görə, “Ukraynanın işğalla barışmamalıdır” fikri Azərbaycanın uzun illərdir dəyişməyən xarici siyasət xəttinin davamıdır: Pepperoni pizza

“Rəsmi Bakı həmişə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipini müdafiə edib. Bu, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir. Prezident İlham Əliyevin fikirləri də məhz bu mövqenin daha geniş izahıdır. Azərbaycan 35 il işğala məruz qalmış, sonradan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi öz təcrübəsinə əsaslanaraq bu mövqeni ifadə edir. Heç vaxt işğalla barışmayan Azərbaycanın bu prinsipi, söhbətin hansı ölkədən getməsindən asılı olmayaraq, dəyişmir”.

Z.İbrahimli hesab edir ki, bu bəyanat Rusiya ilə münasibətlərdə gərginlik yaratmayacaq.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan-Rusiya münasibətləri normallaşıb və rəsmi Moskva da Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları qəbul etməyə məcburdur.

Siyasi şərhçi Prezidentin qonşu dövlətləri məsuliyyətli davranmağa çağırmasının isə ilk növbədə İran və Rusiyaya ünvanlandığını bildirib:

“Azərbaycan həm Rusiya, həm də İranla quru sərhədə malik yeganə ölkələrdən biridir. Bu dövlətlərin iştirak etdiyi müharibələr region üçün ciddi təhlükəsizlik riskləri yaradır. Prezidentin çağırışının mahiyyəti ondan ibarət idi ki, hərbi əməliyyatların genişlənməsi qonşu ölkələr üçün əlavə risklər yaradır və münaqişə tərəfləri qonşularını bu proseslərə cəlb edəcək addımlardan çəkinməlidirlər”.

Politoloqun fikrincə, dövlət başçısı eyni zamanda vurğulayıb ki, hərbi eskalasiyanın dərinləşməsi heç bir tərəfə üstünlük qazandırmayacaq və ən doğru yol danışıqların bərpasıdır:

“Azərbaycan da öz təcrübəsindən çıxış edərək sülh və diplomatik həll yolunu dəstəkləyir. Dövlət başçısının Azərbaycanın risklərə qarşı hazırlıqlı olması barədə dedikləri də təsadüfi deyil. Rəsmi Bakı mümkün təhlükələri daim təhlil edir, onları sığortalamaq üçün kifayət qədər potensiala malikdir. Ölkənin güclü müttəfiqləri var və bu baxımdan hər hansı təzyiq və ya təhdid strategiyasının nəticə verməsi mümkün deyil”.

Politoloq Azərbaycanın üzləşdiyi əsas təhlükələrin regionda eyni vaxtda davam edən müharibələrdən qaynaqlandığını da vurğulayıb:

“Həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə artan gərginlik ölkə üçün təhlükəsizlik, logistika və iqtisadi risklər yaradır. Hansı müharibənin daha təhlükəli olduğunu demək olmaz. Hər iki münaqişə genişlənmək potensialına malikdir. Azərbaycan üçün əlavə risk ondan ibarətdir ki, həm Rusiya, həm də İranla quru sərhədlərimiz var. Müharibələrin davam etməsi nəqliyyat-logistika layihələrinə, ticarət əlaqələrinə və ümumi iqtisadi vəziyyətə də mənfi təsir göstərə bilər”.

Z.İbrahimlinin sözlərinə görə, məhz buna görə Azərbaycan bütün platformalarda sülh təşəbbüslərini dəstəkləyir və regionda sabitliyin qorunmasını əsas prioritet hesab edir. O qeyd edib ki, Cənubi Qafqazın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün bölgədə uzunmüddətli sülh və təhlükəsizlik mühiti vacib şərtdir.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!