Əslən Tərtərdən olan həmkarım Nigar Məmmədova danışır: "Rayona yas yerinə getmişdim. Arvad məclislərini bilirsiniz, ağız deyəni qulaq eşitmir. Ölü yaddan çıxmışdı, camaat dirilərdən danışırdı. Adətən, rayon əhalisinin sevimli mövzusu telekanallar və televiziya aparıcıları olur. Xeyirdə də, şərdə də eyni mövzudan danışırlar. Həmin gün yenə Zaurdan, Xoşqədəmdən, Elgizdən danışırdılar..."
Qeyri-ixtiyari soruşdum: "Yas yerində?"
İncik tərzdə söhbətinə davam etdi: "Dedim axı, yasa getmişdim. Camaat Zaurdan, Xoşqədəmdən, Lalədən, Elgizdən danışır, arada yazıq Amil Xəlili də onların gözünə qatırdılar. Düzdür, qadın həmrəyliyi göstərib Xoşqədəm Hidayətqızı ilə Lalə Azərtaşı çox da pisləmirdilər. Amma yazıq Zaurla Elgizin "vayına oturmuşdular". Marqarita pizza
Jurnalist marağı güc gəldiyi üçün yenə onun sözünü kəsdim: "Axı nə deyirdilər?"
Bu dəfə incimədi, əksinə, daha həvəslə danışmağa başladı: "Deyirdilər ki, Zaurla Elgiz milli dəyərlərimizə hörmət etmir, küçə qadınlarını efirə çıxarır. Onların üzündən arvadlar evdən, kişilər ölkədən qaçır. Bir də deyirdilər ki, hökumət hara baxır, bir tikə abır-həyamız qalmışdı, onu da bu televiziyalar tökdü..."
Qısa pauzadan sonra soruşdu: "Bilirsən, sonra nə oldu?"
Nəsə maraqlı bir hadisənin baş verdiyini təxmin etdiyim üçün dərhal soruşdum: "Nə oldu?"
Gözəl çöhrəsinə təbəssüm qondu: "Məclisin şirin yerində Zaurun anası gəldi. Üçü qabağına qaçdı, beşi yer göstərdi, on beşi dövrə vurub ətrafında oturdu. Dərhal "valı" dəyişdilər. Bayaqdan Zauru yaş yuyub quru sərən arvadlar bu dəfə onu qaldırıb qoydular dağın başına. Dilavər xanımın nurlu çöhrəsi bir az da işıqlandı, qəlbi qürur hissi ilə doldu".
Belə dedim: "Qeybətə son qoymaqda düz ediblər".
Təəccüblə üzümə baxdı: "Aaaaa... Axı sən özün də dəfələrlə sosial verilişləri tənqid etmisən, şəxsən Zaur Baxşəliyevlə bağlı irad bildirmisən..."
İzahat verməli oldum: "Mən iradlarımı publik şəkildə çatdırmışam, yasda, toyda dilə gətirməmişəm. Dilavər xanım Audiovizual Şurada işləmir ki, əlində səlahiyyəti olsun, tədbir görsün. Əgər xoşunuz gəlmirsə, baxmayın. Siz o verilişlərə baxmasanız, reytinqi aşağı olar və efirdən yığışdırılar".
Daha heç nə demədi. Söz güləşdirməyi sevmədiyim üçün elə oradaca söhbətə nöqtə qoyduq.
Mən də oxşar situasiya ilə çox qarşılaşmışam. Beş-altı il əvvəl indikilərlə müqayisədə qat-qat səviyyəli verilişlərdə qonaq olanda tez-tez qohum qardaşın, dost-tanışın qınağı ilə üzləşirdim. Həmişə də eyni sualı verirdim: "Axı nəyi bəyənmirsiniz?" Bu vaxt həvəslə verilişi nəql etməyə başlayırdılar. Məlum olurdu ki, 2-3 saatlıq verilişin nəinki bir dəqiqəsini, hətta bir saniyəsini belə gözdən qaçırmayıblar. Sonralar eşitdim ki, "bəyənmədiyi" verilişə aludə olan neçə qadın xörəyini yandırıb, neçə qadın südü daşırıb, qazanı aşırıb...
Hələ bu hamısı deyil. Gündüz arxasınca danışdığı, hətta söydüyü müğənni ilə axşam toyda şəkil çəkdirən adamlar da görmüşəm...
Nə qədər ki, insanların arxasınca danışıb üzünə güləcəyik, danışmağımız özümüzə qalacaq...
Seymur VERDİZADƏ
Telegram kanalımız