6 Oktyabr - 23:13
Zəngəzura niyə sülhməramlılar yerləşdirilir?  - “Rusiya buna məcbur oldu”

Zəngəzura niyə sülhməramlılar yerləşdirilir? - “Rusiya buna məcbur oldu”

Siyasət

08 Avqust 2022 19:26 3654


“Əgər Zəngəzura da sülhməramlı qüvvələri yerləşdiriblərsə, burada deməli, məqsəd üçtərəfli razılaşmanın müvafiq bəndinin yerinə yetirilməsi üçün Rusiya tərəfindən şəraitin yaradılmasıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azad Demokratlar Partiyası (AzDP) sədri Sülhəddin Əkbər deyib.

O, “Yerevan.Today” portalının Mehri-Aqarak yoluna (Zəngəzur yolu) Rusiya sülhməramlılarının nəzarət etməsi ilə bağlı ortaya atdığı iddiaya münasibət bildirib.

Xatırladaq ki, portal tərəfindən yayımlanan foto və video görüntülərdə rusiyalı sülhməramlılar bütün vətəndaşları saxlayır, yoxlama aparır və yalnız bundan sonra onları buraxır.

Öz növbəsində, S.Əkbər əlavə edib: “Əvvəla, Ermənistanın sərhədlərini, o cümlədən Zəngəzur istiqamətində İranla olan sərhədi FSB-nin Sərhəd Xidməti mühafizə edir.

Görünür, artıq Rusiya Türkiyə və Azərbaycanın təzyiqləri qarşısında Ukrayna müharibəsində düşdüyü vəziyyəti də nəzərə alaraq, məcburdur ki, bu bəndin yerinə yetirilməsinə əməl etsin.

Bilirsiniz ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra onlar kollektiv Qərb tərəfindən təcrid olunubdur. Hazırda Rusiyanın, xüsusən Türkiyəyə çox böyük ehtiyacı var, o cümlədən də Azərbaycana. Ona görə də Rusiya Türkiyə və Azərbaycanla münasibətlərin pozulma prinsipini göz önünə gətirib və bu addımı atıb”.

AzDP sədri deyib ki, Rusiya məcbur olmasaydı və yaranmış yeni durum onu məcbur etməsəydi, heç vaxt bu addımı atmazdı:

“Çünki əvvəllər Ermənistan belə bir addımı atmaq istəsə də, Rusiya və onun uzantıları olan “beçinci kolon” buna mane olurdu. Amma indi Rusiya Azərbaycanın siyasi iradəsini görəndən sonra buna məcburdur. Əks təqdirdə münasibətlərin pozulması başlaya və Rusiya sülhməramlılarının ərazimizdən çıxarılması məsələsi qoyula bilər.

Doğrudur, həmin ərazi münaqişə zonası deyil. Amma Rusiya beynəlxalq hüququ vecinə almırsa, orada da sülhməramlıların olması heç də təəccüblü deyil”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!