18 yaşlı Murov qartalı - Yarımçıq ömrün elegiyası

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı Murov qartalı - Yarımçıq ömrün elegiyası

Sosial

20 İyun 2024 14:05 380


Xəzər sahilində dünyaya göz açmışdı. Xəzərin şıltaq dalğalarını seyr etməkdən yorulmurdu. Dənizin mavi sularına saatlarla tamaşa edirdi. Sevirdi Xəzəri. Sevirdi onun şıltaq dalğalarını. Bu dalğaların qoynunda saysız-hesabsız xəyallar qirmuşdu Həsənağa. Axı, nə yaşı vardı. Gələcəklə bağlı arzular, xəyallar quracaq yaşdaydı. Düşmən gülləsi bütün arzularını puç etdi. Ömrü kimi arzuları da yarımçıq qaldı... 

Həsənağa Bəhruz oğlu Şirvani Vətən müharibəsinin 18 yaşlı şəhidlərindən biridir. O, 23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Uşaqlıq illəri doğulduğu Binə qəsəbəsində keçib. 2008-ci ildə Bakı şəhəri, Binə qəsəbəsi şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbinin 1-ci sinifinə daxil olub və 2019-cu ildə həmin məktəbin 11-ci sinifini başa vurub.

Həsənağa təhsilini başa vurduqdan sonra Xəzər rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub. Dördpendirli pizza

Özünə hərbçi olmağı arzulayan igid əsgərin Babası Faiq kişi "YAŞAT" Fondunun əməkdaşları ilə görüşdə nəvəsini belə xatırlayıb: "Həsənağa çox zaman özündən böyüklərlə həmsöhbət olardı. Deyərdi ki, böyüklərlə həmsöhbət olanda, onlardan nəsə öyrənirəm. Həm evdə, həm məktəbdə, həm də əsgər yoldaşlarının arasında böyük sevgi, məhəbbət qazanmışdı". 

Anası Şəfəq xanım isə deyib ki, "Həsənağanın sinif yoldaşları deyir ki, Həsən bizi o qədər sinifdə güldürürdü ki... Əhval-ruhiyyəmizin olmayan bir vaxtında, bir məqamında Həsən elə bir söznən, elə bir kəlməynən sinifi elə ruhlandırırdı, ayağa qaldırırdı ki..."  

Şəhidimiz iki ayın əsgəri idi. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhəri, Binə qəsəbəsində anadan olan şəhid əsgər Həsənağa Bəhruz oğlu Şirvani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

İndi Murovda təbiətin ən gözəl çağıdır. İndi Murovda min bir çiçək açıb. O çiçəklər şəhdi qanı ilə sulandığı üçün belə gözəldir, təravətlidir. 

Həsənağanın yarımçıq qalmış arzuları, xəyalları onun dostlarının, həmyaşıdlarının timsalında yaşayacaq. Gələcək nəsillər 44 günlük Vətən müharibəsinin 18 yaşlı şəhidini - Həsənağa Bəhruz oğlu Şirvanini heç vaxt unutmayacaq...

Ruhun şad olsun şəhidim! 

A. Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!