19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi

Hadisə

07 Sentyabr 2026 12:22 112


Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin keçmiş direktoru Mətanət Rzayeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu barədə eks-məktəb direktoru Nərimanov Rayon Məhkəməsinə müraciət edib. 

İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi irəli sürüb. Dominos pizza

Məlumata görə, Mətanət Rzayeva 2001-ci ildən pedaqoji fəaliyyətlə məşğul olub, 2006-cı ildən 2025-ci ilədək Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb. 

İş materiallarına əsasən, məktəbdə aparılan monitorinqlər zamanı təlim-tərbiyə prosesi, sənədləşmə, şagird və müəllimlərin davamiyyəti, eləcə də kadr idarəçiliyinin təşkili ilə bağlı bir sıra nöqsanlar müəyyən edilib.

Məktəbdə aparılmış monitorinq zamanı məktəbin direktorunun əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığı qənaətinə gəlinib. Aşkar edilmiş nöqsanlarla əlaqədar 2025-ci ildə müvafiq əmrlə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmrinə əsasən həmin məktəbdə təkrar monitorinq keçirilib. Monitorinq zamanı təlim-tərbiyə prosesi, məktəb sənədlərinin aparılması, şagird və müəllim davamiyyəti, habelə kadr idarəçiliyinin vəziyyəti araşdırılıb.

Monitorinqin nəticələrinə görə Mətanət Rzayevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. 

O, isə işdən çıxarılmasını qanunsuz və əsassız hesab edib. 

Mətanət Rzayeva məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmasını, əvvəlki vəzifəsinə – Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə bərpa edilməsini istəyib. Bundan əlavə, işə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əməkhaqqının, mediasiya sessiyasına görə ödədiyi 60 manatın və hüquqi yardım üçün ödədiyi 300 manatın cavabdehdən tutulmasını tələb edib.

İddiaçı bildirib ki, sözügedən məktəbdə direktor vəzifəsində çalışdığı dövrdə heç bir qanun pozuntusuna yol verməyib və əvvəllər barəsində intizam tənbehi tətbiq edilməyib.

Mətanət Rzayeva hesab edib ki, 2025-ci ilin aprelindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona qarşı qərəzli münasibət formalaşıb.

Onun iddiasına görə, Regional Təhsil İdarəsinin rəhbərliyinin nümayəndələri onu idarəyə dəvət edərək könüllü ərizə yazıb işdən çıxmasını təklif edib, əks halda məktəbdə monitorinq aparılacağını və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyini bildiriblər. Mətanət Rzayeva bu təkliflə razılaşmadığını və pensiya yaşına 1 il 6 ay qaldığını iddia edib. Bundan sonra məktəbdə iki günlük monitorinq aparıldığını deyən iddiaçı, nəticədə ona verilmiş intizam tənbehinin də qanunsuz olduğunu irəli sürüb.

O, həmçinin işdən azad edilməsindən sonra iştirakı olmadan direktor otağının qıfılının dəyişdirildiyini və bununla bağlı Gəncə şəhər Prokurorluğuna müraciət etdiyini bildirib.

Cavabdeh tərəf isə iddianı qəbul etməyib. Etiraz ərizəsində bildirilib ki, monitorinq nəticəsində məktəb direktorunun əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunub.

Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə keçmiş məktəb direktorunun iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib.

Bundan sonra Mətanət Rzayeva və kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi, bu mümkün olmadığı halda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş olunub.

Ali Məhkəmə kassasiya şikayətini araşdıraraq onu təmin etməyib.

Bununla da məktəb direktorunun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əməkhaqqının və digər xərclərin ödənilməsi barədə tələbləri təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin öz əmək funksiyalarını, müqavilə öhdəliklərini yerinə yetirmədiyi və ya əmək vəzifələrini kobud şəkildə pozduğu hallarda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi (xitam verilməsi) əsasını bildirir. İşdən çıxarılmanın bu əsasla həyata keçirilməsi işçinin gələcəkdə yeni iş tapmasına və ya işlə təmin olunmasına mənfi təsir göstərə bilən, hüquqi baxımdan ən ağır və məsuliyyətli maddələrdən biri hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!