İnsan arzularla böyüyür. Arzular isə heç vaxt bitib-tükənmir. Çünki arzudan arzu doğur...
Həyat arzularla gözəldir. Arzulamaq isə qadağan deyil. Ən azından həyatımıza həmişə gözəllik qatmaq şansımız var.
Biz azərbaycanlılar nələrisə arzulamağı çox sevirik. Düzdür, bəzən arzularımız "gözümüzdə qalır", yəni gerçək olmur. Amma yenə ümidimizi üzmürük, bitmirik, tükənmirik, arzularımızı hər gün bir arpa boyda böyüdürük. Arzularımız həyata keçəndə isə dünyanın ən xoşbəxt adamı oluruq... Marqarita pizza
Azərbaycanlıların arzuları da özləri kimi təvazökardır. Belə də demək olar: Azərbaycanlıların arzuları da özləri kimi gözü-könlü tox olur. Biz bir tikə çörəyə, bir stəkan suya görə həmişə Yaradana şükür edirik. Aramızdakı beş-üç acgözü, haramzadəni, naqisi çıxsaq, böyük əksəriyyətimizin böyük pullarda, var-dövlətdə, sərvətdə gözü yoxdur. Bizim ən böyük arzumuz Allahın bəxş etdiyi ömrü adam balası kimi yaşamaq, əziz həmkarım Elnur Məmmədlinin təbirincə desək, bir tikə çörək üçün itə-qurda möhtac olmamaqdır. Mən hələ Aya uçmaq istəyən bir azərbaycanlı görməmişəm. Arzuları yerə-göyə sığmayan azərbaycanlıların belə bütün istək və diləkləri yerlə bağlıdır.
İnkar etməyin yeri yoxdur, sözsüz ki, əsas arzularımız ailəmiz, övladlarımız, yaxın-uzaq qohumlarımızla bağlıdır. Onların xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Nahaq deməyiblər ki, azərbaycanlılar əvvəlcə övladları, sonra nəvələri, daha sönra isə nəticələri üçün yaşayırlar. Ömrü vəfa edənlər isə kötücələri üçün yaşayır. Bizim üçün yaşayanların soyunun davam etməsi üçün biz də özümüzdən sonrakılar üçün yaşamalıyıq...
2023-cü illə bağlı hansı arzularınız var?
Bilmirəm. Amma Uca Allahdan arzu edirəm ki, bütün arzularınız çiçək açsın!
Mənim də çoxlu arzularım var. Şəxsi arzuları qoyaq bir tərəfə. Amma elə arzularım var ki, onları sizinlə də bölüşə bilərəm. Əminəm ki, bunlar sizin də ürəyinizcə olacaq...
Bilirsiniz, 2023-dən ən böyük diləyim nədir?
Arzu edirəm ki, 2023-cü il rüşvətxor və korrupsioner məmurların, "dövlətin malı dəniz, yeməyən donuz" təfəkkürü ilə yaşayan yaramaz səlahiyyət sahiblərinin kürsüdə keçirdiyi son il olsun.
Arzu edirəm ki, yetimin-yesirin payı gələn il qurğuşun olub onu yeyənlərin boğazında qalsın.
Arzu edirəm ki, 2023-də müəllim şagirdin, direktor valideynin əlinə baxmasın, yaramaz, yaltaq adamların yaxası boş qalsın, heç kim onların sinəsinə medal taxmasın...
2023 cəmiyyətimizə sağlam ab-hava gətirsin, Uca Allah insanlarımızın gözünü açsın. Heç olmasa, bundan sonra qeyrətsiz qeyrətdən, namussuz namusdan danışmasın. Danışan olsa da, heç kim onlara inanmasın...
2023-dən ən böyük diləyim: Belə adamların üzünü bir də görməyim...
Seymur VERDİZADƏ
Telegram kanalımız