Sakit okeanın ekvatorial hissəsində suyun temperaturu rekord həddə çatıb. Alimlər bu anomaliyanın son dərəcə güclü “Super El Niño” hadisəsinin formalaşmasına işarə edə biləcəyini bildirirlər.
Bu barədə “Live Science” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) oktyabrın 5-də açıqladığı ilkin məlumatlarda Sakit okeanın mərkəzi hissəsində yerləşən Nino 3.4 bölgəsində səth suyunun temperaturunun ilk dəfə 30 dərəcəni keçdiyi qeydə alınıb. Bu ərazidə temperatur normadan 3,34 dərəcə yüksəkdir. Dominos pizza
Kaliforniya Universitetinin İrvayn kampusundan iqlimşünas Cin-Yi Yu bildirib ki, məlumatlar təsdiqlənərsə, bu, müstəsna rekord olacaq. Alimlərin qiymətləndirməsinə görə, temperatur anomaliyası noyabr ayına qədər 4 dərəcəyə çata bilər.
“Super El Niño” qlobal atmosfer dövranına təsir edən güclü iqlim hadisəsidir. O, dünyanın müxtəlif bölgələrində quraqlıq, leysan yağışları və digər ekstremal hava şəraitinin yaranması riskini artıra bilər.
Mütəxəssislər hazırkı istiləşmənin qlobal temperatur artımı fonunda baş verdiyinə diqqət çəkirlər. Alimlərin fikrincə, bəzi bölgələrdə iqlim dəyişikliyinin yaratdığı problemlər El Niño-nun təsirləri ilə üst-üstə düşərsə, ciddi fəsadlar yarana bilər.
Dünya Meteorologiya Təşkilatının proqnozlarına əsasən, Sakit okeandakı istiləşmənin 2026-cı ilin sonuna doğru güclənməsi, ən yüksək həddə isə noyabr-dekabr aylarında çatması gözlənilir. Hadisənin təsirlərinin 2027-ci ildə də davam edə biləcəyi bildirilir.
Məlumat hələ ilkin xarakter daşıyır və rekordun təsdiqlənməsi gözlənilir./KONKRET.az
Telegram kanalımız