“Əmlakın icbari sığortası məcburi olsa da, bu sahəyə maraq hələ də aşağı olaraq qalır. Ekspertlər bunu həm maarifləndirmənin zəifliyi, həm də sığorta xidmətlərindəki müəyyən problemlərlə əlaqələndirirlər”
Bu sözləri “Yeni Sabah”a sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib. Əmlak sığortası ilə bağlı danışan ekspert bildirib ki, icbari sığortaya marağın az olmasının əsas səbəblərindən biri cərimə mexanizminin tam formalaşmamasıdır.
“Əmlakın icbari sığortasında sığorta haqqı, sığorta məbləği və azadolma məbləği əmlakın yerləşdiyi əraziyə görə dəyişir. Əmlakın icbari sığortasına marağın az olmasının əsas səbəblərindən biri odur ki, adından da göründüyü kimi, bu sığorta icbaridir. Lakin cərimə mexanizmi tam tətbiq olunmadığına görə insanlar bu məhsula daha çox könüllü formada yanaşırlar”. pizza mizza
Onun sözlərinə görə, icbari sığortada əmlakın dəyərindən asılı olmayaraq müəyyən edilmiş maksimum sığorta məbləği tətbiq olunur:
“İcbari sığortada Bakı şəhəri üçün maksimum sığorta məbləği 25 min manatdır. Bu sığorta əmlakın divarlarına, döşəməsinə, tavanına, qapı və pəncərələrinə, su və kanalizasiya sistemlərinə, elektrik xətlərinə və digər elementlərinə təminat verir.
Könüllü sığorta növündə həm daşınar, həm də daşınmaz əmlak sığortalana bilər. Əmlakın tam dəyəri müəyyən olunur və ona uyğun sığorta təminatı tətbiq edilir. Sığorta polisi də buna əsasən rəsmiləşdirilir”.
Ekspert könüllü sığorta məhsullarına marağın aşağı olmasının səbəblərindən birinin də maarifləndirmənin zəifliyi olduğunu vurğulayıb:
“Könüllü sığorta məhsullarına marağın az olmasının əsas səbəblərindən biri ümumiyyətlə sığorta məhsullarına marağın aşağı olması, bu məhsullar barədə maarifləndirmənin zəif aparılması və sığortaçı ilə sığortalı arasındakı münasibətlərin sığorta sektorunun inkişaf etdiyi ölkələrlə müqayisədə daha aşağı səviyyədə olmasıdır.
Bəzi sığorta şirkətlərində proseslərin ləngiməsi, bürokratik əngəllər, sənədlərin çoxluğu bu məsələlərə təsir göstərir. Sığorta ödənişi tələb olunan hadisələrdə bu proseslər sürətləndirilsə və müsbət nümunələr daha çox işıqlandırılsa, düşünürəm ki, insanlarda da maraq oyanar.
Birinci növbədə maarifləndirmək, ikinci növbədə isə xidmət səviyyəsini daha yüksək etmək lazımdır. Bunun üçün sığorta şirkətlərinin əlində əsas vasitələrdən biri icbari sığorta növləridir. Bu sığorta növlərində xidmət səviyyəsi yüksəldilərsə, vətəndaşlar icbari sığortada bu xidməti ala bildiklərini görəcəklər. Bu da könüllü sığorta növlərinə marağın artmasına və daha geniş təminatlardan yararlanmağa səbəb ola bilər”.
Ekspert vurğulayıb ki, müasir dövrdə sığorta yalnız əmlakla məhdudlaşmamalıdır:
“2026-cı ildə bütün dünyada baş verən qlobal dəyişikliklər və bunun gətirdiyi nəticələr göstərir ki, həyatımızda sığorta predmeti ola biləcək hər bir şeyin sığortalanması gələcəkdə daha böyük zərərlərdən özümüzü qorumağımıza, maddi itkilərimizi azaltmağımıza və maliyyə sabitliyimizi qorumağımıza imkan verə bilər”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız