Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfərə gəlib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.
O bildirib ki, tədbirdə ŞƏT-in 25 illiyi, insanlararası və mədəni mübadilələr, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tədbirdə 17 dövlət liderinin iştirakının nəzərdə tutulduğu qeyd edilib. pizza sifarişi
Deputatın sözlərinə görə, çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv dövlətlərlə tərəfdaşlığını gücləndirir. Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu da artır.
V.Bayramov qeyd edib ki, ŞƏT ilə tərəfdaşlıq coğrafi ərazi və əhali baxımından dünyanın ən böyük təşkilatlarından biri ilə əməkdaşlıq deməkdir. Onun sözlərinə görə, Avrasiyanın 65, dünya ərazisinin isə 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalisinin 42 faizi yaşayır. Qlobal nominal ÜDM-in 24 faizi, real iqtisadiyyatın isə 36 faizi həmin dövlətlərin payına düşür.
Deputat Azərbaycanın ŞƏT ilə dialoq tərəfdaşlığı statusuna malik 15 dövlətdən biri olduğunu da vurğulayıb. O bildirib ki, 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi qismində təmsil olunur və Azərbaycan dialoq tərəfdaşı kimi qurumla sıx əməkdaşlıq edir.
“Bu, 25 trilyon dollarlıq iqtisadiyyata malik təşkilatla tərəfdaşlıq deməkdir. Azərbaycanın dörd əsas ticarət tərəfdaşından üçü bu təşkilatda təmsil olunur. Onlardan ikisi üzv, biri isə tərəfdaş dövlətdir”, – deyə V.Bayramov bildirib.
Onun sözlərinə görə, ŞƏT ilə əməkdaşlığın gücləndirilməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalır.
“Uğurlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir”, – deyə deputat qeyd edib.
Aytac Əliyeva
Telegram kanalımız