Müsavatçılar kütləvi şəkildə deportasiya olunan bilər - Onları Azərbaycanda nə gözləyir?

Müsavatçılar kütləvi şəkildə deportasiya olunan bilər -
Noy 15, 2019 16:08
Oxunma sayı: 422

Alman polisinin miqrantlarla bağlı keçirdiyi reyd Azərbaycanda aranı qarışdırıb. Buna səbəb saxlanılanlar arasında Müsavat Partiyasının üzvlərinin olmasıdır. 

“Yeni Sabah” xəbər verir ki, Müsavat Partiyasının adı hələ bir neçə il əvvəl mühacir biznesində hallandırılırdı. Yadigar Sadıqlı, Alya Yaqublu və Könül Şamilqızı kimi tanınmış müsavatçılar bununla bağlı partiya rəhbrəliyindən izahat tələb etsələr də, istəklərinə nail ola bilməmişdilər. Əvəzində Müsavat rəhbrəliyi onları partiyaya qarşı kampaniya aparmaqda ittiham edərək hakimiyyətin əlinə oynamaqda ittiham etmişdi. 

Fəqət, alman polisinin keçirdiyi reyddə saxlanılanlar arasında Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) sədr müavini Mehdi Xəlilbəylinin də olması sözügedən partiyanın “mühacir biznesi”nə bulaşdığını ortaya qoyub. Yeri gəlmişkən, bu məsələ ilk dəfə gündəmə gələndə Müsavat rəhbərliyinin “mühacir biznesi”ni AKM vasitəsilə quruduğu bildirilirdi. 

Bu olaydan sonra Müsavatı “mühacir biznesi”ndə ittiham edənlər partiya rəhbərliyinin istefası məsələsini qaldırıblar. Lakin Müsavat rəhbərliyi yenə də partiyaya böhtan atıldığını iddia edir.

Bu məsələni ortaya çıxaranlardan biri də hazırda Almaniyada yaşayan araşdırmaçı jurnalist Yafəz Əkrəmoğlu olub. Prosesi dərindən bilən jurnalist Yenisabah.az-a açıqlamasında bildirib ki, artıq Almaniyada mühacirlərlə bağlı ciddi araşdırmalara başlanılıb. Keçirilən reyd də prosesin tərkib hissəsidir. Yafəz Əkrəmoğlu həmçinin bildirib ki, Almaniyada Müsavat Partiyasının üzvü kimi gələn Azərbaycan vətəndaşlarının oturum alması müşkülə çevirlib. 

“Artıq bilirlər ki, bunu çox asan şəkildə almaq mümkündür. Ona görə də Müsavat Partiyasının vəsiqəsilə gələnlərə inanmırlar. Hətta həqiqi müsavatşı olub siyasi proseslərdə fəallıq göstərən və təzyiqlərə məruz qalanlar belə, oturum almaqda çətinlik çəkirlər.”, -deyə Yafəz Əkrəmoğlu vurğulayıb.

Jurnalist əlavə edib ki, alman hökuməti deportasiya məsələsinə həssas yanaşır: “Əgər aydın olsa ki, deportasiya olunacaq şəxslərə Azərbaycanda problem yaranacaq o zaman deport qərarı verilmir. Lakin məsələ burasındadır ki, müxalifətçi, xüsusilə müsavatçı kimi gələnlər alman hökumətinə siyasi fəal olduqlarını sübut edə bilmirlər. Çünki onların əksəriyyəti partiya biletini hansısa vasitələrlə əldə edirlər. Siyasi proseslərdən məlumatlı olmurlar və s. Bu halda alman hökuməti çox asan şəkildə onların əslində siyasi fəal olmadıqlarını üzə çıxarır və təbii ki, belə şəxslər barəsində deportasiya qərarı çıxarılır”. 

Məlumat üçün deyək ki, təkcə dünən Azərbaycana 61 miqrant deportasiya edilib. Bəs onların taleyi necə olacaq? Bu şəxslərin pulla partiya bileti, yaxud hansısa arayış almaları hüquqi məsuliyyət yaradırmı?

Yafəz Əkrəmoğlu bildirib ki, deportaisya olunanların heç birinin sənədində onun Almaniyaya müsavatçı yaxud başqa partiyanın üzvü kimi gəldiyi qeyd olunmur. “Onlar özləri bunu Azərbaycan hökumətinə açıqlaya bilərlər. Amma inanmıram ki, kimsə pulla partiya bileti aldığını deyib özünü çətinə salsın. Təbii ki, onlar həqiqətən müsavatçı, yaxud başqa müxalif partiyanın üzvü olduqlarını deyəcəklər. Bu halda onları Azərbaycanda nə gözləyir, deyə bilmərəm. Lakin bir məsələ də var ki, partiya arayışlarına inamsızlıq hәqiqi tәzyiqә mәruz qalanlarla bağlı da deport qәrarının çıxarılmasına səbəb ola və onlar Azәrbaycana qaytarıldıqları halda, hәbs yaxud başqa tәzyiqlә üzlәşә bilәrlәr”, - deyə jurnalist əlavə edib.

Yenisabah.az