Orada bir kənd var, uzaqda. O kənd İsrayılın kəndidir. Vətən Müharibəsinin 18 yaşlı şəhidi İsrayıl Hacıyevin kəndi...
İndi o kənd həm də bizim kəndimizdir. Orada nakam bir gənc uyuyur. Müharibənin ilk dəqiqələrindən döyüşə atılan İsrayılın məzarı var o kənddə. Müharibənin ikinci günü şəhid olan İsrayılın kəndidir Zəyəm Cırdaxan. Öz şəhid balasına hər gün laylay deyir Zəyəm Cırdaxan...
İsrayılın ömrü də, döyüş yolu da qısa olub. Amma dünya var olduqca o da var olacaq, qəlbimizdə, xatirələrimizdə yaşayacaq... pizza hut
İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2008-ci ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C. Abdıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub, həmin məktəbin 9-cu sinifə qədər təhsil alıb. 2017-ci ildən 2020-ci ilədək ailə kəndli təsərrüfatında ailəsi ilə birlikdə çalışıb.
İsrayıl Hacıyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsrayıl Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Həmçinin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Vətənpərvər gənc kimi böyüyən İsrayıl həmişə öndə olmağa can atır, torpaqlarımızın azad olunmasında iştirak etməyi arzulayırdı. Elə şəhid olacağını da sanki öncədən hiss etmişdi... Anasına “sən şəhid anası olacaqsan” deyirmiş.
Dörd oğul böyüdən Gülnarə ana indi İsrayılın dediyi kimi, şəhid anasıdır. “İsrayılın ləqəbi “yapon” idi. Onu həmişə evdə elə çağırırdıq. Telefonla danışanda deyirdim ki, ehtiyatlı ol, özünü qoru. O isə mənə deyirdi ki, ana tezliklə torpaqlarımızı azad edəcəyik”, - deyə şəhid anası Gülnarə Hacıyeva üç il əvvəl onlarda qonaq olan AzərTAC-ın müxbiri ilə söhbətində deyib.
İsrayılın qardaşı da onunla fəxr edir. Xəyal Hacıyev deyib: “Hərbi xidmətini Bakıda keçirsə də can atırdı ki, cəbhə xəttinə yollansın. Sonra zəng etdi, dedi ki, Beyləqandayam. Həmlə taborunda idi. İlk döyüşə gedənlər də onlar olub”.
İsrayıl xoş xasiyyəti, gülərüz olması ilə seçilirdi. Arzusu isə hərbi xidmətdən sonra orduda qalıb müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmək idi.
Şəhidin dostu Emin Yusifovun sözlərinə görə, İsrayıl vətənpərvər gənc olub: “Vətəni hər şeydən çox sevirdi. Biz onunla körpə yaşlardan dost olmuşuq. İsrayıl hərbi xidmətə gedəndə birinci mənə zəng etdi. Sonuncu dəfə isə sentyabrın 26-da telefonla danışdıq. Beş ayın əsgəri idi. Həmişə onunla fəxr edəcəyəm”.
İsrayıl Hacıyev müharibənin ikinci günü - sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız