"Əqrəb mövsümü" teleserialında eybəcər öpüşmə səhnəsi barədə fikirlərimi soruşurlar. Əvvəla, filmlərdə də, səhnədə də, həyatda da insanlar bir-biri ilə öpüşə bilərlər. Mən isə ümumiyyətlə, heç bir Azərbaycan serialına baxmıram, "Əqrəb mövsümü"nə də baxmamışam, amma sözügedən kadrlara baxdım. Baxdım və iyrəndim!”
Bu sözləri Yenisabah.az-a yazıçı-publisist Xeyrəddin Qoca deyib. Son həftələrdə Azərbaycanda populyarlaşan “Əqrəb mövsümü” serialındakı öpüşmə səhnəsi barədə danışan yazıçı həmin kadrları iyrənc adlandırıb:
“Əvvəla, belə öpüşmək olmaz. Xalq arasında bir məsəl var ey, bir-birini "qoyun balasını yalayan kimi" yalayırlar. Az qalır bir-birinin dodaqlarını qoparsınlar. Bu cəhənnəmə, marça-març səsləri çox "protivni" dir. Görünür, rejissor onların bir-birinə güclü sevgilərini nümayiş etdirmək istəyib. Güclü sevgi bir-birini yeməkdir? Balaca bir səhnədə nələr duydum? Oğlanla qız xeyli iyrənc öpüşəndən sonra, guya qız (öpüşüb doyandan sonra) utanır, ehtiyat edir, oğlanı özündən kənarlaşdırmaq üçün geri itələyir. Qız nə yaman "utancaq" imiş...
Mən təkcə öpüşmə səhnəsi barədə yazmağı özümə yaraşdırmırdım. Lakin eybəcər öpüşməni görəndə yazmağı qərara aldım. Bunlar xalq içərisində deyildiyi kimi, lap yanıqdırlar ki. Sözün qısası, çox pis görünürlər”.
X.Qoca heç vaxt Azərbaycan seriallarına baxmadığını deyib:
“Özüm dram əsərləri yazdığıma görə, seriallara baxmaq istərdim. Amma indiyədək Azərbaycan televiziyalarında heç bir seriala bir dəqiqə belə baxa bilməmişəm. Əsəbiləşib, başqa kanallarda başqa verilişlərə baxmağa çalışıram. Əgər xoşuma gələn veriliş tapa bilsəm.
Seriallara baxdığım bir dəqiqədə nələr görmüşəm? Küçədən tapılıb gətirilən saqqallı gədələr, söyüş, təhqir, zorlama, bir-birinə kəllə atma, silah, boğazdan yuxarı qədeş danışıqları, qeyri-səmimi, düşük hərəkətlər, inandırıcı olmayan münasibətlər, yapma səhnələr... Adamın əti tökülür.
Bu seriallarda mənim və tamaşaçıların sevdiyi aktyorlar da çəkilirlər. Təəssüf! Onları da qınamaq olmaz. Ssenarilər zəifdir. Çıxın, camaatdan soruşun görək, bircə adam serialların müəlliflərinin adlarını bilir? Axı onları heç kim tanımır. Haradan çıxdı bu qədər dramaturq? Sadəcə olaraq həmin filmlərin "yaradıcıları" dövlətin ayırdığı pulları "xərcləməklə" məşğuldurlar. Yəqin ki, bir gün həmin pulların aqibəti ilə maraqlananlar tapılacaq”.
O, yerli serialların süni olduğunu bildirib:
“Biz türk seriallarına böyük həvəs və maraqla baxırıq. Niyə? Çünki həmin seriallarda oynayan aktyorlar sünilikdən uzaqdırlar, olduqca təbiidirlər. Bəzən bir serialın 300-400 bölümünə baxırsan, yenə istəyirsən serial bitməsin. Bizim seriallarda ər arvadının üstünə vəhşi kimi qışqırır, qırğı kimi üstünə hücum çəkir, qadının qulağının dibinə şapalaq ilişdirir, kişilərin bütün kobudluqlarını nümayiş etdirməkdən xüsusi zövq alırlar. Axı bunlar guya, "kişidirlər". Bəzi səhnələrdə və həyatda deyildiyi kimi, "kül sizin kişi başınıza!" Seriallarda çox biabırçılıqlar var! Yazmaqla, deməklə bitməz. A kişilər, bacarmırsınız, çəkməyin də!”
ƏSMƏTXANIM
Telegram kanalımız