"Hazırda Ermənistan sərhədləri ətrafında Azərbaycan qoşunlarının cəmləşməsi müşahidə olunmur".
Bakupost.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan jurnalistlərlə söhbətində Lemkin İnstitutunun Azərbaycanın Ermənistana təcavüz edəcəyi haqda iddialarını şərh edərkən bildirib.
Erməni parlamentinin vitse-spikeri Müdafiə Nazirliyinin rəsmi açıqlamalarına istinad etməyə çağırıb.
“Məlumatlara görə, hazırda Ermənistan sərhədləri ətrafında hər hansı bir qoşun cəmləşməsi yoxdur. Təhdid varmı? Ritorikanın dəyişməsi, eləcə də mötəbər beynəlxalq qurumlar tərəfindən qətnamələrin qəbulu, parlamentlərin, hökumətlərin, müxtəlif təşkilatların Ermənistanın ərazi bütövlüyünün şübhə altına alına bilməyəcəyi barədə bəyanatları baxımından müəyyən müsbət irəliləyişləri qeyd etmək lazımdır. Və təbii ki, biz ritorikada müəyyən dəyişikliklərin olmasını ancaq alqışlaya bilərik”, - deyə Arşakyan bildirib.
Arşakyan xatırladıb ki, son vaxtlar Azərbaycan-Türkiyə hərbi təlimləri keçirilir və regionda ümumi gərginlik hökm sürür.
Telegram kanalımız