Vaşinqton anlaşmasının imzalanmasından bir il ötdüyü bir vaxtda Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi regionda dayanıqlı sülh üçün yeni imkanlar yaradır.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov açıqlamasında deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın təklif etdiyi prinsiplər əsasında regionda formalaşan yeni düzən bütövlükdə Qafqazın inkişafı üçün mühüm imkanlar yaradır: Sezar pizza
“Bu, sadəcə ABŞ-Azərbaycan münasibətlərinin inkişafında deyil, həmçinin regionda sülh və əməkdaşlıq üçün yeni bazanın formalaşmasında özünü göstərir”.
V.Bayramov qeyd edib ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir. Eyni zamanda, Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması da Azərbaycanın regionda sülhə verdiyi töhfəni təsdiqləyir.
Deputat Zəngəzur dəhlizinin istifadəyə verilməsi və kommunikasiyaların bərpasının region üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Kommunikasiyaların bərpa edilməsi, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi vacib məqamlardandır. Bu, regionda dayanıqlı sülhün formalaşmasına sözsüz töhfə verəcək”.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında aparılan qiymətləndirmələr iki ölkə arasında 38 məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulmasının mümkün olduğunu göstərir.
“Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi illik 300 milyon dollar ətrafında dəyişə bilər. Buraya birbaşa Ermənistandan Azərbaycana və Azərbaycandan Ermənistana ixrac daxildir. Söhbət idxal-ixrac əməliyyatlarından gedir”, – deyə deputat bildirib.
V.Bayramov əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yükün daşınmasına və region ölkələrinin tranzit imkanlarından daha çox faydalanmasına şərait yaradacaq.
Deputatın fikrincə, beynəlxalq yükdaşımaların artması ölkələrə əlavə gəlir əldə etmək imkanı verməklə yanaşı, həm dayanıqlı sülhün möhkəmlənməsi, həm də regionun iqtisadi inkişafı baxımından mühüm rol oynayacaq.
Aytac Əliyeva
Telegram kanalımız