Azərbaycanın cari ilin ilk 10 ayında bir sıra əsas ticarət tərəfdaşları ilə apardığı idxal-ixrac əməliyyatlarında kəskin disbalans müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli 2026-cı ilin yanvar–oktyabr aylarının xarici ticarət göstəricilərini təhlil edərək, qeyri-neft sektorunun ixrac potensialının zəif olduğunu bildirib.
Ekspert qeyd edib ki, hesabat dövründə Azərbaycan Çindən 3 milyard 782 milyon dollarlıq məhsul idxal etdiyi halda, bu ölkəyə cəmi 89 milyon dollarlıq mal ixrac edib. Oxşar mənzərə ABŞ ilə ticarət dövriyyəsində də qeydə alınıb: Birləşmiş Ştatlardan 722 milyon dollarlıq məhsul alınıb, əvəzində 107 milyon dollarlıq satış həyata keçirilib. Onlayn mağaza
Natiq Cəfərlinin sözlərinə görə, böyük iqtisadiyyata malik ölkələrlə yanaşı, regional və qonşu tərəfdaşlarla ticarətdə də mənfi saldo diqqət çəkir:
“Belarusdan 345 milyon dollarlıq mal almışıq, cəmi 64 milyon dollarlıq mal satmışıq. İrandan isə 498 milyon dollarlıq məhsul idxal edilib, amma bu ölkəyə cəmi 26 milyon dollarlıq mal ixrac olunub. Yəni, qonşu ölkələr bizdən neft-qaz almırsa, dərhal ticarət balansının mənfi saldosu artır. Belarusa, İrana belə məhsul sata bilmirik, amma oradan ərzaq daxil olmaqla hər şey alırıq. Bu da təriflədikləri “qeyri-neft” sektoru”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız