Azərbaycanda “Black Friday” zamanı tətbiq edilən endirimlər realdır? - ARAŞDIRMA
26 Noy 2020 20:23
719

Azərbaycanda “Black Friday” zamanı tətbiq edilən endirimlər realdır? - ARAŞDIRMA

“Black Friday” - “Qara Cümə” ildə bir dəfə noyabr ayının son həftəsinin cümə gününə təsadüf edən, bütün xidmətlər üzrə endirim kampaniyalarının 3 gün ərzində davam etdiyi bir dövrdür. ABŞ-da 1952-ci ildən bəri xüsusi gün kimi qeyd edilir və Milada hazırlıq dövründə alış-veriş edən şəxslərin məhsulları xüsusi endirimlərlə əldə etməsinə imkan yaradır. Adının “Qara Cümə” olmasına səbəb isə bu günlərdə kütləvi izdihamın yaşanması ilə əlaqədardır.

“Black Friday” günləri insanları maraqlandıran əsas məsələ: Tətbiq edilən endirimlər realdır və ən əsası endirimlər kifayət qədərdirmi?

Bu əslində tədarükçüyə məhsulu təklif edən şirkətin satış politikasına görə fərqlidir. “Black Friday” zamanı bir çox sektorda müxtəlif məhsullara endirim tətbiq edilir. Hətta bu gün banklar da təqdim etdikləri xidmətlərə endirimlər təklif edir. Eləcə də, onlayn satış portalları endirim kampaniyaları ilə geniş alıcı kütləsi toplayır.

“Black Friday” günlərində xüsusilə tekstil məhsullarına böyük həcmdə endirim tətbiq edilir. Çünki, əsas etibarilə daha çox bu məhsullara təlabat olur. İri ticarət mərkəzlərində brend məhsullara tətbiq edilən endirimlər satış həcmi üzrə analiz aparıldıqdan sonra təyin edilir. ABŞ-da maksimum 80 faiza qədər endirimlə gündəmə gələn “Black Friday”, Azərbaycanda maksimum 70 faizə qədər endirim təklif edə bilir. Bu isə yalnız satış həcmi ən aşağı olan və bir öncəki sezona məxsus, şirkətin gəlir əldə edə bilmədiyi məhsullara tətbiq edilir. Eləcə də, yeni lakin satış həcmi qənaətbəxş olmayan məhsullara ən çox 50 faizə qədər endirim edilir. Yeni model və sezon məhsullar isə əsasən 30 faizə qədər endirimlərlə satılır. Bundan artıq niyə endirim edilmir?

İlk səbəb məhsula təlabat çoxdursa daha çox endirim edilməyə ehtiyac duyulmur, bəzi məhsullar isə ümumiyyətli endirim tətbiq edilmədən də yaxşı həcmdə satışa imkan verir. Buna görə də, “Black Friday” şirkət üçün vaxtından əvvəl endirimə getməklə ziyanla satılan məhsulları tez əldən çıxartmağa imkan verir. Həm də, şirkətlər əziyyət çəkmədən “Black Friday” onlar üçün yaxşı reklam mühiti yaradır. Əgər tətbiq edilən endirimlərin az olduğunu və güzəştə getmək lazım olduğunu düşünürsünüzsə bir məsələyə açıqlıq gətirməliyik.

İstənilən halda dünya brendlərinin hər biri tədarükçü şirkətlər tərəfindən idxal edilməklə ölkədə bazara çıxarılır. Azərbaycanda bayram qabağı və sezon sonlarında ən çox satılan məhsullar tekstil və texnoloji avadanlıqlardır. Ölkəmiz bu məhsulların böyük həcmini idxal edir. Şirkətlər bu məhsulların tədarükünü həyata keçirərkən xarici bazardan asılı olur.

Siz ildə bir neçə dəfə təşkil edilən və sezon sonuna təsadüf edən endirim kampaniyalarının eyni ərəfədə tətbiq edildiyini hiss edə bilməsəniz də, bütün rəqib şirkətlər müştərini itirməmək üçün endirimləri eyni vaxtda edir. Bütün bu proseslər fonunda yenə də şirkət rəhbərliyi endirimlərə start veriləcəyi günü sirr kimi saxlamağa üstünlük verir. Çünki, digər şirkətlərlə müqayisədə bir gün belə endirimə tez getmək şirkətə böyük məbləğdə gəlir gətirir. “Black Friday” də isə kartlar açıqdır. Naməlum olaraq sadəcə şirkətin alıcılara hansı həcmdə endirim təklif edəcəyi məsələsi dayanır.

Əsasən, yeni model və sezon məhsulları 30 faizə qədər endirimlə satışa çıxarılır. Bəzən müştəri buna görə narazılığını ifadə edir və daha çox endirimin tətbiq edilməli olduğunu tərəfdar olduğunu bildirir. Burada ikinci bir məsələ gündəmə gəlir. Şirkət bu qədər endirimə gedə bilmir, çünki məhsulun istehsalı ona məxsus deyil və məhsula görə xarici bazardakı təklifdən asılıdır. Misal üçün Türkiyə brendləri ölkədə ucuz qiymətlərlə satışa çıxarılır. Lakin ölkəmizdə fərq müəyyən qədər çox ola bilər. Niyə Türkiyədə ucuzdur? Çünki məhsul daxili bazarda istehsal edilir və daxili bazarda da satılır. Lakin, xarici məhsul daxili bazara keçid edənə qədər xərclər artıq və bu qiymətlərə də təsir edir. Ona görə də, Türkiyədə çox ucuz hesab edilən məhsulun burada nisbətən baha olduğunu gördükdə qətiyyən təəcüblənməyin. 

Ən böyük broblem: Mən bu məhsulu endirimdən əvvəl də bu qiymətə görmüşəm və ya bu məhsula göstərildiyi qədər endirim tətbiq edilməyib! Bu o deməkdir ki, endirim real deyil. Lakin bu məsələ araşdırılmalıdır, ola bilsin ki, siz yanılırsınız.

Belə vəziyyətdə iki tip müştəri mövcuddur: Əsəblərini məhsuldan üstün tutan və ya məhsulu əsəblərindən üstün tutan müştəri. Birinci tip müştəri məhsulu ya həmin qiymətə alır və ya almır, ikinci tip müştəri isə situasiyadan narazılığını bildirir və ya haqlarını tələb edir. Bəli, hər kəs haqqını tələb edə bilər. Belə məsələlərdə öz şikayətinizi Azad İstehlakçılar Birliyinə yönləndirə bilərsiniz və bu haqda araşdırma aparıla bilər.

Birlikdən Oxu.Az-a verilən məlumata əsasən, istehlakçı məhsulun ilkin qiyməti ilə bağlı şübhə hissi keçirərsə mütləq şəkildə mağazadakı rəsmi təmsilçiyə müraciət edərək malın ilkin qiymətini təsdiq edən rəsmi sənədi tələb edə bilər. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda öz əksini tapıb.

Bildirilib ki, məhsulun ilkin qiymətinə görə real endirim tətbiq edilməyibsə istehlakçının öz haqlarını müdafiə edə bilər. Lakin, bir çox şirkətdə məhsulun ilkin satış qiyməti ilə bağlı rəsmi, imzalı sənəd olmur. Buna görə də, belə bir hal ilə qarşılaşan istehlakçı Birliyə müraciət edə bilər. Yalnız, müraciətə baxıldıqdan sonra məsələ araşdırılır və aktlaşdırılır. Əgər həqiqətən də müştəri öz iddiasında haqlıdırsa onun müraciəti təmin edilir və məhsula real həcmdə endirimin tətbiq edilməsi təmin edilir.

Bir məsələni də qeyd edim ki, bəzən tədarükçülər məhsulu idxal edərkən onun stokdakı həcminə görə qiymətlərlə qarşılaşırlar. İlk sezon çox sayda idxal edilən və ucuz qiymətdə təklif olunan məhsul növbəti ərəfədə az idxal olunmaqla daha baha təklif edilə bilər. Bunun əksi də müşahidə olunur və qiymətlərdə dəyişiklik edilə bilir. Təbii ki, satış təmsilçisi alıcıya məsələni izah etməlidir.

Ən əsası, “Black Friday” günlərində “bu sezonun son endirimidir” ifadəsinə inanmayın. Təəssüf ki, hörmətli satış təmsilçiləri bu məsələni təhrif edir. Bu ərəfədə endirimə düşən məhsullar dekabr ayından etibarən eyni endirim faizləri ilə satışa çıxarılır. Çünki, “Black Friday” həm də şirkətlər üçün qısa müddətdə bazarı ölçən test xarakterli hadisədir.

İstənilən halda şirkət rəhbərliyi üçün müştəri hər zaman haqlıdır. Ona görə yox ki, həqiqətən də müştəri hər zaman haqlıdır, ona görə ki, şirkət mövcud daimi müştəri bazasını itirməmək və yeni müştərilər qazanmaq üçün bu faktı belə qəbul etməyi məqbul bilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər