Azərbaycanda son dönəmlər siyasi mədəniyyət mühitində əvvəlki aqressiyanın getdikcə azalması müşahidə olunur. Ümumiyyətlə, Avropa ölkələrində, qardaş Türkiyədə iqtidar və müxalifət partiyaları arasında, fərqli siyasi düşüncələrə malik olan siyasi liderlər, qruplar arasında sivil münasibətlər mövcuddur. Siyasi arenadakı mübarizə yalnız həmin meydanda hiss olunur. Digər şəxsi münasibətlərdə isə durum heç varxt düşmənçilik həddinə gəlmir.
Məsələn, hər hansı siyasi liderin doğum günündə əks cəbhədə dayanan şəxs çox rahat şəkildə ona zəng edə, doğum gününü təbrik edə və hətta bunu sosial şəbəkədə, media nümayəndələri qarşısında reallaşdıra bilər. Buna görə həmin şəxsə kimsə irad tutmaz, bu jestinə görə onu qınamaz.
Azərbaycanda da son dönəmlər bu istiqamətdə müsbət dəyişikliklər hiss olunmaqdadır. İqtidar-müxalifət dialoqu ilə ölkə siyasətində yeni bir dönəmin açıldığını görürük. İndi radikal mövqedə olmayan siyasi qurumlar, liderlər bir araya gələ bilir, toplantılar keçirirlər. İndi hər hansı müxalifət liderinin Prezident Administrasiyasında görünməsi o qədər də təəccüblə qarşılanmır. pizza
Eyni zamanda bəzi neqativlər də qalmaqdadır. Neqativlərdən danışarkən sonuncu bir faktı qeyd edək. Müsavat Partiyasının başqan müavini Osman Kazımov Prezident İlham Əliyevin oğlu Heydər Əliyevi ailə həyatı qurması münasibəti ilə təbrik etdi. Bununla da ona qarşı müxtəlif cəbhələrdən tənqid və təhqirlər başladı.
Bəs, biz nə etməliyik? Sivil dünyada olduğu kimi, bizdə də siyasi mədəniyyətin ən azından gözlə görünən səviyyədə nümayiş olunması üçün nə lazımdır? Bu, kimdən asılıdır?
Mövzu ilə bağlı həm müxalifət, həm də iqtidar cəbhəsindən fikir öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı açıqlamasına məşhur atalar sözü ilə giriş edib: “Deyir, atan acından öldü, bu da cavab verir ki, var idi yemədi?!”
Partiya sədrinə görə, siyasi mədəniyyətin formalaşması üçün ilk növbədə, ölkədə siyasi mühitin olması lazımdır. O, əlavə edib ki, demokratik siyasi mühitin formalaşması lazımdır ki, bu mühitdə də normal siyasi münasibətlər formalaşsın:
“Biz nəzər yetirsək görərik ki, 90-cı illərin əvvəllərində bir tərəf “meydan təffəkkürü”, digər tərəf də “mənim yanımda olmadığı üçün qarşımdadır” prinsipi yürütdüyünə görə, bizdə rəqabətdən çox düşmənçilik, tənqiddən çox təhqir, yaxud da məğlub etməkdən daha çox məhv etmək anlayışları formalaşıb.
Bunun qarşısını almağın ən yaxşı yolu nisbətən demokratik mühit yaratmaq, siyasi partiyaların inkişafına şərait yaratmaqdır”.
“Siyasi mədəniyyəti kim formalaşdırır? – fərdlər. Fərdlər harada formalaşır? – siyasi partiyalarda. Siyasi partiyalar isə öz növbəsində siyasi mühit olan zəmində inkişaf edir.
İndiki halda Azərbaycanda hansısa partiyanın normal fəaliyyət göstərməsi üçün siyasi mühit varmı? İstər bu qanunvericilik baxımdan olsun, istərsə də maddi baxımdan. Bizdə hazırda ibtidai icma quruluşa bənzər sistem formalaşıb.
Məsələn, kiməsə salam verdinsə, satqınsan, filankəsin yasına getdinsə, düşmənsən və s. Bu siyasətin primitiv mərhələsidir. Təəssüf ki, biz bu haldan çıxa bilməmişik. Bu mərhələdən çıxış yolunda əsas öhdəlik iqtidarın üzərinə düşür. Çünki bu mühitin formalaşdırılması onun məsuliyyəti daxilindədir”, – yekunlaşdırıb.
Sabiq deputat, Naftalanın keçmiş icra başçısı Musa Musayev də eyni rəyi bölüşüb. Eks-deputat açıqlamasında deyib ki, ölkədə siyasi mədəniyyəti şəxsi mübarizəyə çevirən şəxslər az deyil:

“Siyasi mədəniyyət, əsasən, müxalif qüvvələrdə 44 günlük müharibədə özün göstərdi. Həmçinin, Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik tədbirində mən bütün müxalifət partiyalarının liderləri, partiya sədrləri və o partiyaların içərisində olan seçilmiş insanların hər birini gördüm. Hətta əksəriyyəti mənimlə görüşüb, bir YAP-çı olaraq təbriklərin bildirdilər”.
M. Musayev hesab edir ki, siyasi mədəniyyəti olan partiyaların münasibəti bəllidir:
“Qərəzli mövqe tutanlar isə mənə elə gəlir ki, şərəf və ləyaqətdən uzaq adamlardır. Çünki dünyada 50 milyon azərbaycanlı olmasına baxmayaraq, ölkəmizdə onlardan 10 milyonu fəaliyyət göstərir.
Mən o vaxt parlament tribunasında çıxışım zamanı qeyd etdim ki, Azərbaycanda maraqlanıb araşdırsaq, hər kəs bir-biri ilə qohum, tanış çıxacaq. Kimsə kiməsə qarşı düşmən mövqe tutursa, mən o insanları anormal hesab edirəm”.
Cənab Prezidentimizin övladının ailə qurması münasibətilə ölkə azərbaycanlılarının çoxu sosial media vasitəsilə ona öz təbriklərin çatdırıb. Bu, eyni zamanda bizim azərbaycanlı olmamızı sübuta yetirən bir amildir. Əgər bir azərbaycanlı ailəsi kimliyindən asılı olmayaraq, ailə həyatı qurursa, ona xoşbəxtlik arzulamaq lazımdır”, – vurğulayıb.
YAP-çı deputat yekunda bəzi müxalif həmkarlarının bostanına da daş atıb:
“Siyasi mübarizəni şəxsi mənafeyə çevirən adamlar mənim gözümdə bir şərəfsizdir. Təəssüflər olsun ki, adını müxalifət qoyanlar 30 ildir ki, yalandan ortalıqda gəzib, heç nəyə nail olmayanlardır.
Amma elə normal müxalifət partiyaları var ki, onların bir sıra nümayəndələri bu gün Milli Məclisdə təmsil olunur. Kənarda qalan müxalifət partiyaları suyu bulandırıb, bulanıq suda balıq tutmaq eşqi ilə yaşayanlardır”.
Həcər ƏMİRASLANLI
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız