Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı” keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin innovasiyayönümlü investisiya imkanlarının Azərbaycan üçün önəmini qeyd edib.
Bildirilib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici investorlar üçün əlverişli mühiti təmin edib. Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik Azərbaycan çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malikdir. İqtisadiyyat naziri ölkəmizin nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verdiyini diqqətə çatdırıb. Bu baxımdan, Azərbaycanda həyata keçirilən layihələr, Ələt Azad İqtisadi Zonasının imkanları xüsusi əhəmiyyətə malikdir.
Nazir işgaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası prosesində innovasiyaların və ağıllı texnologiyaların tətbiqinə əsaslanan birgə layihələrin icrası imkanlarını qeyd edib.
Tədbirdə Çinin kommersiya naziri Van Ventao ölkəsinin investisiya imkanları, xidmət sənayesi, həmçinin bu sahələrdə əməkdaşlıq potensialı barədə məlumat verib.
Konfransda Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin dövlət naziri Dominik Conson, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktorunun müavini Doroti Tembo və digər rəsmi şəxslər çıxış ediblər, tədbir sessiyalarla davam edib, müzakirələr aparılıb.
Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya naziri Van Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivlərini nəzərdən keçiriblər.
Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti CIFTIS sərgisində “Invest in Azerbaijan” vahid ölkə stendi ilə tanış olub. Bildirilib ki, Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə beşinci dəfə iştirak edir.
İKT, maliyyə, mədəniyyət və turizm, təhsil, idman, təchizat zənciri və biznes, layihə məsləhətçiliyi və tikinti, səhiyyə və ətraf mühit xidmətləri mövzu bölmələrindən ibarət olan budəfəki sərgidə yer alan “Invest in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın investisiya potensialı ilə yanaşı, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları da nümayiş etdirilir. Stenddə sərgi iştirakçılarına İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ələt Azad İqtisadi Zonası, Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti, biznesə göstərilən dəstək və xidmətlər, xarici investorlarla potensial əməkdaşlığa dair geniş məlumatlar təqdim olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşüb. Görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmi vurğulanıb, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərinə diqqət yetirilib.
Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib. Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Telegram kanalımız