"Hazırda Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar aparılmır".
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Ermənistanın xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünün tanınmasının mümkünlüyü ilə bağlı suala əslində birbaşa cavab verməyib.
"Azərbaycan səlahiyyətlərinin yerində olsaydım, keçən ilin noyabrın 9 -da və yanvarın 11 -də üçtərəfli bəyanatlar çərçivəsində əldə edilmiş razılaşmaların icrasına diqqət yetirərdim. Bu mərhələdə sülh müqaviləsi üzərində heç bir danışıqlar aparılmır. Danışıqlar başlasaydı, onda mövzulardan biri ATƏT-in Minsk qrupu həmsədrlərinin müəyyən etdiyi prinsiplər əsasında mütləq Dağlıq Qarabağın statusu ilə bağlı olmalıydı", - deyə Mirzoyan qeyd edib.
Eyni sual Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə verilib.
Sergey Lavrov sualın ona aid olmadığını və buna görə də mahiyyətini şərh etməkdən çəkinəcəyini vurğulayıb.
Eyni zamanda, o, Rusiyanın fikir ayrılıqlarının həllinə və qarşılıqlı anlaşmanın tapılmasına kömək edəcək istənilən addımı alqışlayacağını bildirib.
Telegram kanalımız