Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 9-da baş verən hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub, İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb. Yaralılar Ukraynanın Çernomorsk şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Dominos pizza
Hazırda məsələ ilə bağlı XİN tərəfindən Azərbaycanın diplomatik nümayəndəlikləri, eləcə də müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
Yaralı vətəndaşların tibbi müayinə və müalicəsindən sonra Azərbaycana qaytarılması, onlara zəruri konsulluq dəstəyinin göstərilməsi, həmçinin həlak olanların cənazələri ilə bağlı prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
XİN həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara tezliklə şəfa arzulayıb.
Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan, eləcə də bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız