Bakıda 10 manatla bir gün keçirmək olar? – HESABLADIQ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 10 manatla bir gün keçirmək olar? – HESABLADIQ

Sosial

22 Sentyabr 2026 16:58 496


Bakıda bir gün keçirmək üçün cibdə nə qədər pul olmalıdır? İşə gedib-gəlmək, səhər yeməyi, nahar, axşam qidası və gün ərzində digər xırda ehtiyacları da hesaba qatsaq, 10 manat kifayət edərmi?

“Yeni Sabah”ın araşdırmasına görə, Bakıda gün ərzində 2 avtobus dəyişərək işə gedib-gələn şəxsin yalnız nəqliyyat xərci 2,40 manat təşkil edir.

Bu, 10 manatlıq gündəlik büdcənin az qala dörddə biridir. İşə gedən şəxs bir tərəfə iki avtobusdan istifadə edir və ümumi yolpulu 1,20 manat olur. Axşam eyni marşrutla evə qayıtmaq üçün daha 1,20 manat ödəyir. pizza mizza

Beləliklə, günün sonunda nəqliyyata 2,40 manat gedir və cibdə cəmi 7,60 manat qalır.

İndi isə bu məbləğlə gün ərzində qidalanmaq lazımdır.

Səhər yeməyini çöldə edən şəxs üçün vəziyyət daha da çətinləşir. Sadə bir çay, çörək və başqa məhsullar belə gündəlik büdcənin nəzərəçarpacaq hissəsini apara bilər. Buna görə 10 manatlıq sınaqda ən qənaətcil variant səhər yeməyini evdə yemək və ya marketdən daha ucuz məhsul almaqdır.

Nahar vaxtı isə seçim daha da məhdudlaşır. Bakıda bəzi iaşə obyektlərində toyuq dönəri təxminən 2,70 manat, mərci şorbası 3,10 manat civarındadır. Su üçün isə ayrıca pul ödəmək lazım gəlir. Əgər 2,70 manatlıq dönər və 1 manatlıq su alınsa, 7,60 manatlıq məbləğdən daha 3,70 manat çıxır.

Bir sözlə, həmin şəxsin günün ikinci yarısına cəmi 3,90 manatı qalır.

Bu pulla həm axşam yeməyini, həm də gün ərzində yarana biləcək digər xərcləri qarşılamaq lazımdır. Qəhvə, şirniyyat, qazlı içki və ya kiçik qəlyanaltı almaq isə büdcəni daha da azaldır.

Məsələn, gün ərzində bir dəfə 1,50 manatlıq qazlı içki alan şəxs artıq axşam üçün 2,40 manatla qalır. İşdən evə qayıdana qədər əlavə xərc yaranarsa, 10 manatlıq limitə sığmaq demək olar ki, mümkün olmur.

Buna görə də 10 manatla bir gün keçirmək istəyən şəxs üçün ən vacib məsələ yeməyi haradan almasıdır. Küçədə və kafedə hər yemək üçün ayrıca pul ödəmək əvəzinə, marketdən çörək, yumurta, pendir və digər sadə məhsullar almaq daha qənaətcil ola bilər.

Bir çörəyin qiyməti 65 qəpik, bir ədəd yumurta isə 17 qəpikdir. Məsələn, səhər yeməyi üçün bir çörək və 2 yumurta alan şəxs cəmi 99 qəpik xərcləyir.

10 manatlıq büdcədən 2,40 manat yolpuluna, 2,70 manat nahara və 99 qəpik səhər yeməyinə ayrıldıqda, günün sonunda 3,91 manat qalır. Suyu da evdən götürmək əlavə xərcdən qurtulmağa imkan verir.

Bakıda 10 manatla bir gün keçirmək mümkündür, amma bu məbləğ rahat şəhər həyatı üçün deyil, ciddi qənaət rejimi üçün kifayətdir. Xüsusilə işə gedib-gələn və gün ərzində yeməyini çöldə almağa məcbur olan şəxslər üçün büdcə daha da daralır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!