Bakıda həbsdə olan separatçılarla bağlı qərar: Hədəf və məqsəd...

Bakıda həbsdə olan separatçılarla bağlı qərar: Hədəf və məqsəd...

Siyasət Veb saytların hazırlanması

07 Dekabr 2023 20:30 1611


Ermənistandakı bir sıra hüquq müdafiəçiləri Bakıda istintaq təcridxanasında saxlanılan separatçılarla bağlı məsələni Avropa platformalarına çıxarmağa çalışır. Onları siyasi məhbus kimi tanıdaraq beynəlxalq təşkilatlara müraciət etmək istəyirlər.

İrəvan hakimiyyətinin Araik Arutyunyan və digərlərilə bağlı məsələsinin üstünü örtmək istədiyi, lakin Qarabağdan qaçan separatçıların mövzunu qabartmağa çalışdığı iddia edilir. Bakıda saxlanılan terrorçuların siyasi məhbus adlandırmasının çalışanların tək hədəfinin Azərbaycana təzyiq olmadığı bildirilir. Başqa hədəflər də var.

Bəs separatçıların həbsi məsələsinin indi önə çıxarılmasında məqsəd nədir? Bunda hansı dairələr maraqlı ola bilər? Bakıya qarşı necə bir proses formalaşdırmağa çalışılır?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev Bakıdakı separatçılarla bağlı kampaniyanın iki məqsədinin olduğunu deyib:

“Ermənistanda müəyyən qüvvələrin bundan istifadə etməyə çalışması gözlənilən idi. Ümumiyyətlə son 30 ildə müstəqillik qazanmış ölkələrdə separatçılıqda ittiham edilən, cinayət əməli törədən bir sıra şəxslər Avropa İttifaqı tərəfindən siyasi məhbus kimi qəbul edilib və buna görə isə həmin ölkələrə təzyiq göstərilib. Ermənistandakı bəzi müxalif qüvvələr də indi buna çalışacaqlar. Həmin şəxslər bu məsələdən iki istiqamətdə istifadə etməyə planlaşdırırlar: Birinci Azərbaycana, ikinci isə Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi.

İlk növbədə bu məsələ onlar üçün Azərbaycana qarşı bir növ vacib təzyiq alətidir. Paralel olaraq isə Bakıda saxlanılan separatçıları öz cəmiyyətlərində qəhrəman elan edərək Nikol Paşinyan hakimiyyətini satqınlıqda, xəyanətdə günahlandırmağı düşünürlər. N.Paşinyan bunu bildiyi üçün Araik Arutyunyan və digərlərinin həbsi məsələsini qabartmır. Çünki onlar baş nazirin siyasi rəqibləridir”.

T.Rzayev Araik və digərlərinin həbsinin birinci növbədə İrəvan hakimiyyətinin işinə yaradığını qeyd edib:

“30 il ərzində Ermənistanı soyub-talayan Qarabağ klanı tərəfindən ölkə bərbad hala salınıb. Bütün ölkə iqtisadiyyatı çöküb, ciddi monopoliya var, hər şey bu klanın əlindədir. Nikol Paşinyan da bu insanlardan bezmiş cəmiyyətin hakimiyyətə gətirdiyi şəxsdir. Ona görə bəlkə elə Paşinyan özü onların həbsinə sevinir. Hələ 44 günlük müharibədən sonrakı dövrdə Laçın yolu hələ tam bizim nəzarətimizdə olmayan zamanlarda bir sıra diqqətçəkən məlumatlar yayılmışdı. İddia edilirdi ki, Nikol Paşinyan bir sıra Ermənistan rəsmilərini ölkəyə buraxmır. Gələnləri ya həbs edir, ya da geri qaytarır. Daha sonra Robert Koçaryanı, Seyran Ohanyanı həbs etdirməyə çalışmışdı. Hətta bəzilərini həbsə atmağı bacardı, lakin Rusiyanın razılığı ilə həmin şəxsləri azadlığa buraxdı.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın Baş naziri əslində bu klanla özü mübarizə aparmalı idi. Lakin daha sonra Azərbaycanın həmin insanları Bakıya gətirməsi onun siyasi planlarına çox uyğun bir addım oldu. Keçmiş Qarabağ klanından qalan cinayətkar separatçıların nümayəndələri isə onların həbsindən Nikol Paşinyana qarşı istifadə etməyə çalışırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!