Azərbaycanda süni intellekt (Sİ) ekosisteminin inkişafı və təhlükəsiz tətbiqi istiqamətində mühüm addım atılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) azərbaycanlı sahibkar Yaqub Rəhimovun təsis etdiyi beynəlxalq "Polygraf AI" startapı ilə Anlaşma Memorandumu imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, saziş çərçivəsində Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionlarına xidmət göstərəcək regional Mükəmməllik Mərkəzi fəaliyyətə başlayacaq.
Sənədə əsasən, yaradılacaq regional platforma mühəndislik, məhsul istehsalı və texnoloji həllərin tətbiqi üzrə əsas baza rolunu oynayacaq. Əməkdaşlıq özündə bir çox yeniliklər gətirir. Beləki, kibertəhlükəsizlik, maşın öyrənməsi və süni intellektin idarə olunması sahəsində yerli kadrların inkişafı üçün ali məktəblər və Azərbaycan İnnovasiya Mərkəzi ilə birgə masterklaslar, təcrübə proqramları təşkil ediləcək. Azərbaycanın hazırladığı rəqəmsal məhsullar xarici ölkələrdə, xüsusilə də Afrika bazarlarında təşviq olunacaq. pizza mizza
Bu layihə ölkənin 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına və rəqəmsal inkişaf üzrə Fəaliyyət Planına uyğun reallaşdırılır. Süni intellekt təhlükəsizliyi sahəsində qlobal miqyasda tanınan startap dövlət və özəl sektorlar üçün məxfi məlumatların qorunması, habelə saxta (deepfake) məzmunların aşkarlanması üzrə texnologiyalar hazırlayır. Şirkətin həlləri Fortune 500 siyahısındakı nəhənglər tərəfindən tətbiq olunur və "Gartner", "IDC" kimi nüfuzlu analitik qurumlar tərəfindən yüksək qiymətləndirilib.
Bu tərəfdaşlıq sayəsində Azərbaycanın texnoloji diasporu ilə əlaqələr gücləndiriləcək, ölkəyə yeni investisiyaların cəlb olunması və Bakının regionda aparıcı rəqəmsal mərkəzə çevrilməsi sürətlənəcək.
Telegram kanalımız