Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavablandırıb.
"Yeni Sabah" xəbər verir ki, son dövrlər vətəndaş Ağasəf İsmayılov müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:
"Sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən “Magna trans” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi A.İsmayılovun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb. Dominos pizza
Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.
Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.
Buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar səsləndirməyə davam edib.
Baş Prokurorluq vətəndaş A.İsmayılovun yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır".
Telegram kanalımız