“Bayden Rusiyanı Amerikanın əsas düşməni hesab edir” - Politoloq
27 Noy 2020 17:55
1501

“Bayden Rusiyanı Amerikanın əsas düşməni hesab edir” - Politoloq

“Cozef Baydenin prezident seçilməsi Rusiyanın siyasi və ekspert dairələrində ehtiyatla qarşılanıb. Bunun səbəbi odur ki, Kremldə Cozef Baydenin Ukraynanı işğal altındakı torpaqlarını azad etmək məqsədilə Rusiyaya qarşı müharibəyə sövq edə bilməsindən qorxurlar”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Cozef Bayden sələfi Donald Trampdan fərqli olaraq Rusiyanı Amerikanın əsas düşməni hesab edir:

“Barak Obamanın prezident olduğu illərdə Ukrayna mövzusunu vitse-prezident Cozef Baydenə həvalə etmişdi. Bayden dəfələrlə Kiyevə səfər edib. Bayden bu səfərləri zamanı Ukraynadakı separatçılıq və onun nəticələri barədə kifayət qədər məlumat əldə edib. Bu iki səbəbi əllərində rəhbər tutan Kreml Baydenin prezidentliyinin Rusiya üçün ciddi başağrısına çevriləcəyini proqnozlaşdırır. Bu istiqamətdə artıq ciddi siqnallar gəlməkdədir. Bir neçə gün əvvəl rus hərbçiləri Krımın şimal hissəsinin səmasında “Bayraktar” pilotsuz uçuş aparatların uçduğunu qeydə alıblar. Bəllidir ki, Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan ordusunun işğalçı Ermənistan üzərindəki hərbi uğurunda “Bayraktar” aparatlarının rolunu yüksək qiymətləndirərək Türkiyədən 49 pilotsuz uçuş aparatı alıb. Ukrayna Türkiyə ilə birgə bu aparatların birgə istehsalının hazırlıqlarına da başlayıb. Rusiyanın hakim və ekspert dairələri Ukraynanın “Bayraktarları” əldə etdikdən bu yana Kiyevin müharibə hazırlıqlarına başladığını iddia etməyə başladılar. İndi isə rus hərbçilər həmin “Bayraktarları” Krım səmasında görürlər. Digər tərəfdən noyabrın 26-da isə Ukraynanın silahlı qüvvələri Mariupol şəhəri istiqamətində irəliləyərək, separatçıların bir neçə mövqeyini ələ keçiriblər. Ukrayna ordusu separatçı “Donetsk Xalq Respublikası”nı Mariupol istiqamətində Vodian və Ujovk yaşayış məntəqələrini azad ediblər”.

Ekspert bildirib ki, döyüşlərin davam etməsinə dair xəbərlər var:

“Kiyevdə anlayıblar ki, Moskva ilə danışıqlar nəticə verməyəcək. Kreml Donbası Ukraynanın tərkibində görmək istəmir. Ona görə də Ukraynanın siyasi və hərbi dairələrində hərbi təzyiq elementindən istifadəyə üstünlük verməyə başlayıblar. Əlbəttə, bu, Ukraynanın genişmiqyaslı müharibəyə başlaması anlamına da gəlmir. Ukrayna üçün risqlər çoxdur.  Ukraynada Azərbaycan nümunəsindən çox danışırlar. Ancaq Azərbaycan Ermənistana qarşı savaşırdı. Rusiya Ermənistan üzərindən Dağlıq Qarabağ separatçılarına hərbi texnika göndərsə də, bunun işğalçılara xeyri olmadı. Çünki Azərbaycan ordusu hərbi texnikanın mütləq əksəriyyətini darmadağın etdi. Dağlıq Qarabağdan fərqli olaraq Rusiyanın birbaşa Donbasla sərhədi var və separatçılara hərbi texnikanı birbaşa çatdırır, ortaq planlaşma həyata keçirir”.

Elxan Şahinoğlu vurğulayıb ki, Ukrayna 2014-cü ildə olduğu kimi müharibəyə başlasa, yenə Rusiya ilə üz-üzə qalacaq:

“Buna baxmayaraq, Baydenin Amerika prezidenti seçilməsi və Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarması Ukraynanı xeyli həvəsləndirib. Mariupol Ukrayna üçün strateji şəhərdir, Azov dənizinə çıxışı var. 2014-cü ildə Donbass separatçıları Maripolu ələ keçirməyə çalışırdılar. Bu baş versəydi, separatçıların dənizə çıxış imkanı yaranacaqdı. Mariupol fabrik və zavodları ilə də məşhurdur. Separatçılar şəhər sakinlərinin bir qisminin onlara simpatiya ilə yanaşmasından da istifadə etməyə çalışırdılar, ancaq olmadı. Ukraynada yeni formalaşan ordu birlikləri 2014-cü ildə Mariupola daxil olaraq separatçılara strateji şəhəri işğal etməyə imkan vermədilər. İndi isə Ukrayna ordusu separatçıları Mariupol ətrafından uzaqlaşdırmağa çalışır. Çünki Kiyevdə hesab edirlər ki, Moskvanın və separatçıların gələcək planında Mariupolun ələ keçirilməsi əsas vəzifələrdən biri sayılır. Krıma gəldikdə isə Kiyev “Bayraktarlar” vasitəsilə havada Rusiyaya üstünlüyünü göstərməyə çalışır. Eynilə Azərbaycan da Ermənistanla savaşda “Bayraktarlar” vasitəsilə hava üstünlüyünü tamamilə ələ keçirmiş və işğalçının Rusiyadan aldığı bütün texnikanı məhv etmişdi”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər