“Dünyada sadəcə düşmənə uduzmuş ölkələr bayraq yandırır”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bunu politoloq Yervand Bozoyan deyib.
O, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dizayner Aram Nikolyanın Azərbaycan bayrağını yandırması faktına toxunub:
“Məsələn, ərəblər ABŞ və İsrailin bayrağını, Türkiyədə ABŞ-ın bayrağını, İranda gah ABŞ, gah da İsrail bayrağını yandırırlar. Ukrayna və Gürcüstanda da Rusiya bayrağı yandırılır. Biz, ermənilər də ənənəvi olaraq aprelin 23-də Türkiyə bayrağını yandırırıq.
Bayrağı yandırmaq o deməkdir ki, onu yandıran rəqibinə uduzub, ondan qisas ala bilmir və bayraq yandırır.
Xatırlayırsınızsa, 2020-ci ildən əvvəl Bakıda da Ermənistan bayrağı yandırılmışdı. Ona görə yandırmışdılar ki, Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf idi. Nikol Paşinyan 5 il ərzində qalib xalqı məğlublara çevirdi. Belə çıxır ki, erməni xalqı qisasla itirdiklərini geri qaytara bilmir və əsəbi halda belə addımlara əl atır.
Son günlərdə qurbanlarımız, yaralılarımız oldu. Azərbaycan Ermənistanı qarğıdalı kimi dənləyir. Belə bir şəraitdə Ermənistan bu cür tədbirlər təşkil edir, Azərbaycan nümayəndələrini Ermənistana gətirdir. Təbii ki, bu hadisələr beynəlxalq platformalarda qəbuledilməzdir, lakin hakimiyyət təqsirkardır, çünki o, baş verənləri dərk etmək istəmir”.
Yervand Bozoyan bildirib ki, Ermənistanda bugünkü reallığa məhəl qoymamaq özünü aldatmadır:
“Aram Nikolyanın addımı çarəsizlik addımı idi. Mən bu ümidsizliyi hakimiyyətin hərəkətləri ilə əlaqələndirirəm. Bunlar xalqımızı məğlub millət etdi, ləyaqətini sındırdı”.
Telegram kanalımız