Bir neçə gün öncə tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli və Hiss Şuşaya yollanıb. İşğaldan azad olunmuş bölgədən görüntülərini sosial şəbəkə hesablarında paylaşan ifaçılar bəzi izləyiciləri tərəfindən qınaq atəşinə tutulub.
Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri Şuşanın müqəddəs olduğunu və orada açıq-saçıq geyinməyin düzgün olmadığını iddia ediblər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Şuşanın kurort zonası olduğu üçün orada sərbəst geyinməyin normal olduğunu bildirib: Sezar pizza
“Bilirsiniz, geyim məsələsində konkret qanun, hökm yoxdur ki, deyəsən filan yerdə belə geyinmək olmaz. Müğənnilər səhnədə, konsert verəndə necə lazımdırsa, geyinirlər, səliqəli, səhnə mədəniyyətinə uyğun libaslarda olurlar.
Amma Şuşada bu məcburi deyil, axı Şuşa həm də kurort zonasıdır. İndi havalar isinib, dağa-kəsəyə bələd olanlar bilir ki, indi dağ günəşi necə yandırıb-yaxır. İnsanlar istidən, şəhərin tozundan, tüstüsündən azad olmaq üçün Şuşaya gedirlər. Bakını ölü şəhərə çeviriblər, bundan danışan yoxdur, amma hansısa müğənni gedib Şuşada bir az açıq geyinib bunu qlobal problem ediblər. Biz hələ də yol ayrıcında qalmışıq, nə primitiv mağara düşüncəsindən çıxa bilirik, nə də müasirliyi lazımi səviyyədə təbliğ edirik. İnsanlar bilmir ki, nə düzdür, nə səhvdir”.
Rejissor geyim məsələsini bu qədər müzakirə etməyin əleyhinə olduğunu deyərək, ölkədə daha böyük problemlər olduğunu qeyd edib:
“Bu gün Azərbaycanda nə qədər problem var, onu danışmaqdansa, kiminsə şortik geyinməyinə, açıq geyinməyinə irad bildirib, günlərlə bunu müzakirə edirik. Dəvəni uduzub, çulu ilə dava edirik. Görün bizim səviyyəmizi necə aşağı salıblar, müzakirələrimizə baxın: “Niyə Məhərrəmlik ayini keçirmirlər?” “Niyə Şuşada açıq-saçıq geyiniblər?”. Məsələ bu deyil, ay camaat! Geyim məsələsini həll eləmək olar, ay millət, bizim ekologiyamızı pis günə qoyublar, insanlar dilənçi kökündə, qapılarda yaşayırlar bundan niyə narahat olmursunuz?!
Deputatlar 5-6 min manat maaş alırlar, deyirlər “pis deyil, normaldır”, Milli Məclisdən bir kişi durub demir ki, mən o 5 mini istəmirəm, bu maaşımı aparın verin bir qaziyə.
Bakı şəhərini necə gəldi basıb tikən guya o parlamentdə oturanlar deyil? Onlar deputat, yaxud iş adamıdırlar ki?! Hamısı 1-2 milyon verib toxunulmazlıq statusu alıblar. Biz də burada başlamışıq ki, hansısa qız Şuşada şortik geyinib, qolu çılpaq qalıb... Geyinib cəhənnəmə geyinsin, xoşuna gəlib, geyinib. Bu problem deyil. Bizi elə məharətlə, ustalıqla əsas problemlərdən yayındırırlar ki, adam lap məəttəl qalır”.
Əsmətxanım RZAZADƏ

Telegram kanalımız