İndoneziyanın şərqində, Flores adası sahillərində 7,7 maqnitudalı güclü zəlzələ baş verib.
“Yeni Sabah” xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ şənbə günü yerli vaxtla saat 05:58-də (Bakı vaxtı ilə 01:58) qeydə alınıb. Yeraltı təkanın ocağı cəmi 10 kilometr dərinlikdə yerləşib. Episentr Şərqi Nusa Tenqara əyalətindəki Ende şəhərindən təxminən 68 kilometr şimal-qərbdə olub.
Güclü zəlzələ nəticəsində yaşayış evləri və müxtəlif binalar dağılıb, bölgədə elektrik enerjisinin verilişində və rabitədə problemlər yaranıb. Xüsusilə Flores adasındakı Sikka, Nagekeo, Manggarai və digər ərazilərdə dağıntılar qeydə alınıb. Zəlzələnin yaratdığı sürüşmələr bəzi yolların bağlanmasına səbəb olub. Pepperoni pizza
Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 20 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Daha iki nəfərin dağıntılar altında qaldığı bildirilir. Xilasedicilər dağıntılar arasında axtarış-xilasetmə işlərini davam etdirirlər.
Zəlzələdən sonra İndoneziya hakimiyyəti sunami xəbərdarlığı elan edib və sahilyanı ərazilərdə yaşayan sakinlərə daha yüksək ərazilərə köçmək tövsiyə olunub. Sonradan xəbərdarlıq ləğv edilib. Məlumatlara görə, bəzi ərazilərdə hündürlüyü bir metrdən az olan dalğalar qeydə alınıb.
Nagekeo bölgəsində təxminən 2 min sakin təhlükəsizlik məqsədilə evlərini tərk edərək müvəqqəti sığınacaqlara yerləşdirilib. Xəstəxanalarda isə pasiyentlərin təhlükəsizliyi üçün bəzi şəxslər binalardan çıxarılaraq açıq ərazilərə köçürülüb.
İndoneziya Sakit okeanın “Od halqası” adlanan yüksək seysmik aktivlik zonasının üzərində yerləşdiyindən ölkədə güclü zəlzələlər tez-tez baş verir.
Telegram kanalımız