Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, qərarda valideynin aliment öhdəliyindən azad olmaq məqsədilə könüllü şəkildə valideynlik hüququndan imtina etməsinin yolverilməz olduğu bildirilib.
İşin hallarına görə, tərəflərin nikahdan 11 yaşlı uşaqları var. Nikah pozulduqdan sonra uşağın ananın yanında qalması və yetkinlik yaşına çatana qədər saxlanılması üçün atadan aliment tutulması müəyyən edilib. Toyuqlu pizza
Daha sonra tərəflər arasında mediasiya sazişi bağlanıb. Sazişə əsasən, ata valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı iddianı qəbul etməyi, ana isə ata valideynlik hüquqlarından məhrum edildikdən sonra ondan aliment və digər hər hansı tələb irəli sürməməyi öhdəsinə götürüb.
Ana məhkəməyə müraciət edib, ata isə həm birinci instansiya, həm də apellyasiya məhkəməsində iddianı etiraf edib. Apellyasiya məhkəməsi onun valideynlik hüququndan məhrum edilməsinə qərar verib.
Ali Məhkəmə isə bu qərarı qanunsuz hesab edib. Məhkəmə bildirib ki, valideynin öz hüququndan imtina etməsi uşağın mənafeyinə toxunduğundan, belə etirafın qanuniliyinə xüsusi qiymət verilməlidir. İş materiallarında olan Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində də valideynlik hüququndan məhrumetmənin uşağın mənafeyinə uyğun olmadığı göstərilib.
Ali Məhkəmənin mövqeyinə görə, tərəflər arasında bağlanan mediasiya sazişi də bu mübahisənin həlli baxımından etibarlı sayıla bilməz. Çünki sazişdə atanın valideynlik hüququndan məhrum edilməsinə razılığı aliment ödəməkdən azad olunması ilə əlaqələndirilib.
Məhkəmə vurğulayıb ki, aliment öhdəliyindən bu şəkildə imtina qanunla qadağandır. Valideynlik hüququ isə şəxsiyyətlə birbaşa bağlı olan hüquq olduğundan onun özgəninkiləşdirilməsi və ya başqa şəxsə güzəşt edilməsi mümkün deyil.
Qərarda qeyd olunub ki, valideynlik hüququ uşağın böyüdülməsi, tərbiyəsi, hüquq və mənafelərinin qorunması, baxımı, təhsili və ünsiyyəti ilə bağlı hüquq və vəzifələri əhatə edir. Bu hüquq ilk növbədə uşağın üstün mənafeyinin qorunmasına xidmət etdiyindən valideyn ondan öz şəxsi maraqları naminə imtina edə bilməz.
Ali Məhkəmə həmçinin vurğulayıb ki, valideynlik hüququndan məhrumetmə ən son tədbirdir və yalnız uşağın hüquq və mənafelərinin başqa yolla qorunmasının mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məhkəmə belə işlərdə valideynlər arasındakı münasibətlərdən deyil, ilk növbədə uşağın üstün mənafeyindən çıxış etməlidir.
Nəticədə Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin edilib, onun valideynlik hüququndan məhrum edilməsi barədə iddia rədd olunub.
Aytac Əliyeva
Telegram kanalımız