“Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova
28 Noy 2020 11:55
6150

“Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“ - Flora Kərimova

 “Bizim Prezidentimiz üçün çox çətindir, çünki ağız bir deyil, beş deyil, iki əllə neçə ağız yummaq olar?”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Flora Kərimova deyib.

Sənətçi xaricdə yaşayıb Azərbaycana böhran atmağa cəhd edənləri sərt tənqid edib: 

“Hərdən görürsən ki, onun səylərinə kütlə qiymət vermir. Bəzən gedib xaricdə oturub oradan donquldanırlar. Bilirsiniz, kimin gücü vətəndaş olmağa çatıbsa burada qalıb, kimin vicdanı çatıbsa buradadır. Gedirlər başqa ölkədə otururlar, ağızlarını qoyurlar Allah yoluna! Bizi idarə edən elə bir insandır ki, bircə qarışı belə başqalarına bağışlamaz. İstəyirəm ki, millətim ona inansın. Bir millət ki, höküməti ilə birlikdir, ona kim bata bilər? Nadir hallarda millət kiməsə “oğlum” deyir. Ən böyük rütbə millətə oğul olmaqdır. Bax, o yüksəkliyi İ.Əliyev qazandı, övlad kimi, oğul kimi qazandı”.

Xanım sənətçi bundan sonra ən böyük arzusunun Şuşaya getmək olduğunu, bunun üçün Allahdan möhlət istədiyini qeyd edib:

“Bir dəfə Azərbaycanın əziyyətli, gərgin vaxtlarında televiziyada onu gördüm. Arıqlamışdı, ancaq gözündəki alov itməmişdi, yumruğunu masaya vurub “Qarabağ bizimdir” dedi. Bu sözlərim yaltaqlıq kimi çıxmasın, mənim artıq 80 yaşım var və kimdənsə asılılığım yoxdur. Sadəcə ona minnətdaram, gözüyaşlı ana kimi çox sağ ol deyirəm. Sağ  olsun ki, mənim ünümü Şuşaya yetirdi. Artıq mənim imkanım var ki, Şuşaya gedib oranın daşlarını öpüm, orada can verim. Heç kim məni başa düşməz! Mən indiyə qədər həyatın bütün sınaqlarından başı uca keçdim, heç kim mənim qürurumu sındıra bilmədi, amma məni gözyaşlarım Qarabağa görə qurumurdu. İndi isə deyə bilirəm ki, Qarabağ bizimdir. Allaha dua edirəm ki, mənə bir az möhlət versin, o yerlərə gedə bilim. Şuşaya gedən yolda Allah canımı alsa belə, arzuma çatmış olaram”.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər