“Bu təxribat Paşinyanın vəziyyətə nəzarəti itirdiyini göstərir” – Abutalıb Səmədov 
14 İyl 2020 16:59
215

“Bu təxribat Paşinyanın vəziyyətə nəzarəti itirdiyini göstərir” – Abutalıb Səmədov 

“Ermənistan hakimiyyətinin təxribatı məhz Paşinyan hökumətinin  respublikada vəziyyətə nəzarəti əhəmiyyətli dərəcədə itirdiyi, ölkənin xaosa sürükləndiyi, pandemiyaya qarşı mübarizənin uğursuzluqla davam etdiyi və daxili narazılığın son dərəcə artdığı dövrə təsadüf edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov deyib. O, bildirib ki, son günlər koronavirus pandemiyasının Ermənistanı fəlakət həddinə gətirməsi və hökumətin bu vəziyyətdən çıxmaq üçün təsirli tədbirlər görə bilməməsi cəmiyyətdə narazılığı son həddə çatdırıb və N. Paşinyanın rəhbərlik etdiyi hökumət üzləşdiyi siyasi böhrandan repressiv tədbirlərə əl atmaqla, siyasi rəqiblərini həbs edərək susdurmaqla çıxmağa uğursuz cəhdlər göstəmişdi:

“Digər tərəfdən, pandemiyanın geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatı iflic vəziyyətinə salınmış və ekspertlər iqtisadi fəlakətin yaxınlaşdığı barədə həyacan təbili çalmaqda davam etmişlər.

Koronavirus pandemiyasının Ermənistanı saldığı son dərəcə ağır durumda vəziyyəti necə düzəldəcəyini bilməyən “demokrat” baş nazir  gah əhalini, ilk növbədə siyasi rəqiblərini “müharibə dövrünün qanunları ilə davranaraq panika yayanları məhv edə biləcəyi” ilə hədələmiş, gah da, yoluxma halları artdıqca səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyəcəyi, xüsusilə ağır vəziyyətdə olan xəstələrin təhlükə ilə qarşılaşacağı, xəstəxanalarda yer olmayacağı barədə panik bəyanatlar vermişdir.

Nikol Paşinyanın öz siyasi rəqiblərini həbs etməklə sıradan çıxarmaq cəhdi kəskin narazılıqla qarşılanmış və “müxalif qüvvələri susdurmağln yeganə yolunun cinayət işi açmaq olduğunu” bildirərən  müxalifət beynəlxalq qurumları, ölkədəki xarici səfirlikləri bu davranışa prinsipial qiymət verməyə çağırmışlar.

Ermənistan hakimiyyətinin Tovuz rayonu ilə sərhəddə təxribat törədərək atəşkəs rejimini kobud şəkildə pozması məhz Paşinyan hökumətinin  respublikada vəziyyətə nəzarəti əhəmiyyətli dərəcədə itirdiyi, ölkənin xaosa sürükləndiyi, pandemiyaya qarşı mübarizənin uğursuzluqla davam etdiyi və daxili narazılığın son dərəcə artdığı dövrə təsadüf edir. Əsas hədəf fəallaşan müxalifətin fəaliyyətini maksimum məhdudlaşdırmaq və susdurmaqdır. Bu məqsədlə Azərbaycanın düşmən obrazı qabardılır, erməni xalqı həmrəyliyə dəvət edilir, siyasi partiyaların fəaliyyətini  dayandırmaqla bağlı çağırışlar səslənir.

Ermənistanın atəşkəsi kobud şəkildə pozmasına gözlənildiyi kimi ATƏT Minsk Qrupu həmsədr ölkələri, Avropa Şurası, və digər beynəlxalq təşkilatlar adekvat reaksiya vermədilər və bu təcavüzkar addımı qınadıqlarını  bildirmədilər. Ən xırda və əhəmiyyətsiz məsələlər barədə  odlu-alovlu bəyanatlar verən bu təşkilatlardan fərqli olaraq GUAM təşkilatının katibliyi bəyanat verərək Ermənistanın təcavüzkar hərəkətlərini qəti şəkildə pislədi. Qardaş Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadığını və həmişə olduğu kimi Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bəyan etdi və bu bəyanat Ermənistanda ciddi narahatlıqla qarşılandı.

Hərbi əməliyyatlar başlayan kimi cəbhə xəttindəki operativ  məlumatlarla tanış olan prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi. Iclasda Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ifadə edən dövlət başçımız silahlı  qüvvələrimizin erməni təxribatının qarşısını qətiyyətlə aldığını və bu cür cəhdlərin bundan sonra da ciddi cəzalandırılacağını bildirdi. İclasda Azərbaycanın torpaqlarının işğalı və hər hansı xarici qüvvənin öz ərazisində mövcudluğunu qəbul etməyəcəyi birmənalı şəkildə ifadə olundu.

Dövlətçiliyimizin sınağa çəkildiyi bu günlərdə xalqın Azərbaycan Prezidenti, Ali Baş Komandan  ətrafında sıx birləşməsi, vətəndaşlarımızın könüllü olaraq döyüşən hissələrə cəlb olunmaq barədə müraciətləri, şəhidlərimizin dəfn olunması zamanı nümayiş olunan vətənpərvərlik hamımızı qürurlandırır və torpaqlarımızın işğaldan azad olunacağı günə az qaldığını, qəhrəman ordumuzun öz sözünü deyəcəyi günün yetişməkdə olduğunu xəbər verir”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər