Ortalıqda bir neçə video dolaşır. Kimə hansı sərf edirsə, ondan danışır. Paşinyan Azərbaycan əsgərlərinin guya əsir erməni hərbçilərini güllələməyindən bəhs edir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar isə tamam başqa videolardan söz açır. Həmin videolar erməni hərbçilərinin azərbaycanlılara qarşı amansız münasibətini əks etdirir.
Cənab Klaar belə deyir: "Onlar araşdırılmalıdır və əgər doğrudursa, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir".
Lütfən ifadəyə diqqət edin: "Əgər doğrudursa..."
Klaar ciddi adamdır. Bilir ki, müharibə təkcə döyüş meydanında aparılmır. Tərəflər həm də informasiya cəbhəsində vuruşurlar. Ermənilər 2020-ci ildən bəri bütün döyüşlərdə məğlub olsalar da, informasiya müharibəsində heç vaxt uduzmurlar. Yalançı hay-küyləri, saxta, qurama videoları ilə ermənilərin sözünə onsuz da bizdən daha çox inanan beynəlxalq ictimaiyyəti aldada bilirlər. "Timsah göz yaşları" həmişə onların köməyinə çatır.
Yenə analoji vəziyyət yaranıb. Ermənilər və ermənilərə züy tutanlar birinci videonun üzərində fokuslanıblar. Ondan daha dəhşətli olan, insanlığa sığmayan davranışları - ermənilərin azərbaycanlılara qarşı ağlasığmaz hərəkətlərini görmək istəmirlər. Məşhur ifadədə deyildiyi kimi, sən nə istəyirsən çal, mən öz bildiyim kimi oyanyacam...
Məlum videoya diqqətlə baxdım. Məndən əvvəl isə mütəxəssislər baxıb. Qurama olduğunu düşünənlər çoxdur. Bu düşüncədə olanlar fikirlərini konkret faktlarla əsaslandırmağı da bacarırlar.
Yaradıcı adam kimi ağlıma bir neçə versiya gəlir. Bəlkə də ermənilər İkinci Qarabağ Müharibəsindən bəhs edən "Dağlarda döyüş" adlı film çəkirlər. Həmin kadrlar real həyatdan çox film səhnəsinə bənzəyir.
İkinci versiya isə odur ki, bu video erməni xüsusi xidmət orqanının "əl işidir". Mən özüm mövcud texniki imkanlarla o videodan daha təsirli kadrlar çəkə bilərəm.
44 günlük Vətən müharibəsi ermənilərin necə qorxaq olduğunu sübut etdi. 12-14 sentyabr təxribatı isə düşmənin iç üzünü açıb ortaya qoydu. Qeyri-rəsmi məlumatlara görə, həmin döyüşdə 200-dən çox erməni hərbçisi əsir düşüb. Təxminlərimə görə, Azərbaycanın əlində bu günə kimi 300-dən çox, bəlkə də 400-dən artıq erməni hərbi əsir olub. Əgər biz əsirlərə qarşı amansız davransaydıq, onları da güllələyərdik. Şükür, patron sarıdan heç vaxt korluq çəkməmişik...
Biz erməni əsirləri heç vaxt güllələməmişik. Əksinə, onları dana kimi bordaqda bəsləyib öz ölkələrinə göndərmişik. İnternet resurslarında bunu sübut edən yüzlərlə görüntü var.
Müharibə amansız olur. Müharibədə ölmək də var, öldürmək də. Bəzən isə düşmənin başına çaxmaq üçün adamın 10 qramlıq gülləyə heyifi gəlir. Əgər belə olmasaydı, yüzlərlə erməni Bakıda yeyib qarnını doyurandan sonra sağ-salamat dədəsinin xarabasına dönməzdi...
Seymur VERDİZADƏ
Telegram kanalımız