“Bunu həddindən artıq şişirtməyə dəyməz” –  Tofiq Zülfüqarov
07 Noy 2019 05:54
285

“Bunu həddindən artıq şişirtməyə dəyməz” – Tofiq Zülfüqarov

“Dağlıq Qarabağın erməni icması adlı məfhum çoxdandır yoxdur. Əslinə qalsa, bu adamlar işğalçı administrasiyanı təmsil edirlər. Çünki həmin ərazilər Ermənistan tərəfindən  işğal olunmuş ərazilərdir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanın səsi”nə müsahibəsində işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndəsi  Masis Mailyanın ABŞ Konqresində tədbirdə iştirakını şərh edərkən deyib.

Diplomat qeyd edib ki, buna (Mailyanın Konqresdə tədbirlərdə iştirakına) xüsusi önəm vermək lazım deyil.

“Konqresdə kimə istəyirsiniz rast gələ bilərsiniz. Bu və ya digər maliyyədən sonra tədbiri də təşkil eləmək problem deyil. Konqresin təcrübəsi və iş üslubu ondan ibarətdir ki, konqresmenlərin maliyyələşməsi onların seçki kampaniyası aparatının işləməsi və sairə, donor pulları ilə təşkil olunur. 

Yəni, bu və ya digər şəkildə istənilən insan, istər ABŞ vətəndaşı, ya  hansısa təşkilat, ya da xarici ölkə bu və ya digər konqresmenin seçki qərargahı fonduna pul ödəyir və bu konqresmen artıq bundan sonra siyasi xətləri və ya siyasi məqamları müdafiə eləyir. İndiki hadisə onu göstərir ki, erməni lobbisi ABŞ-da seçki vaxtı konqresmenlərin seçki proqramına, seçki fəallığına pul ödəyiblər və onlar da bu cür tədbirlərdə iştirak edirlər”, - T.Zülfüqarov bildirib.

Azərbaycan ABŞ tərəfinə etiraz notası təqdim edib. Bu hadisə (Mailyanın Konqresdə tədbirlərdə iştirakı) Azərbaycan-Amerika əməkdaşlığına necə təsir göstərə bilər?

Bu sualın cavabında T.Zülfüqarov Vaşinqtona etiraz edilməsini düzgün addım adlandırıb. Onun fikrincə, Azərbaycan bu cür hadisələrə göz yummamalıdır. Amma həddindən artıq da şişirtməyə dəyməz.

“Sizi inandırım ki, Amerika Birləşmiş Ştatlarının özündə tədbir barəsində hər hansı qəzetdə bəlkə də heç bir məlumat keçməyib. ABŞ ictimaiyyətinin heç xəbəri yoxdur ki, bu cür adam gəlib, orada bir-iki saatlıq nəsə deyib və ya deməyib”, - T.Zülfüqarov bildirib.

Onun fikrincə, beynəlxalq strukturlar Qarabağ münaqişəsinin həllinə təsir göstərən amillər deyil. 

“Əsas amillər cəbhədə olan vəziyyət, müdafiə potensialıdır. Bu məsələlər münaqişənin ədalətli nizamlanmasında həlledici rol oynayacaqlar”, - T.Zülfüqarov vurğulayıb.

 

 

Oxşar xəbərlər