Millinin sabiq futbolçusu, 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olan, "Sumqayıt", "Səbail", "Zirə", "Dersim 62 Spor" (Türkiyə) kimi klublarda çıxış edən 26 yaşlı hücumçu Nurlan Novruzovun "Yeni Sabah"a müsahibəsi:
- Hazırda "Dinamo Avto" (Moldova) klubunun üzvüsünüz. İşləriniz necə gedir? Çıxışınızdan razısınızmı?
- Bəli, "Dinamo Avto" klubunun üzvüyəm. Şükürlər olsun, hər şey qaydasındadır. Klub rəhbərliyi razı olsa da, mən hələ performansımdan tam razı deyiləm. Səbəbi isə budur ki, qolları sıralamalı olduğumu düşünürəm. Oynadığım oyunların çoxunda fərqli mövqelərdə oynadığım üçün qol epizodlarına az girə bildim. Amma formada olmasam, yəqin ki, baş məşqçi məni əsas heyətdə oynatmazdı. Sadəcə, özüm razı qalmamışam. Yeni mövsümə daha yaxşı hazırlaşacam. Toyuqlu pizza
- Xaricdə oynayırsınlız. Bizdə vəziyyət belədir ki, xaricdə futbolçular çox da uzun müddətli qala bilmirlər. Səbəb kimi darıxmaq və. s arqumentlər gətirirlər. Bəs, sizin üçün necədir?
- Mühitə öyrəşmişəm, amma darıxmaq var. Bütün dost-tanışlarımız Bakıdadır. İşimiz futbol olduğu üçün buna öyrəşməliyik. Xaricdə oynamağın üstünlüyü budur ki, yaxşı təcrübə toplayıram.
- Moldova çempionatı ilə bizim çempionatının fərqini nədə görürsünü?
- Demək olar ki, elə də fərq yoxdur. Sadəcə futbola baxışları bizdən fərqlidir.
- Necə?
- Bizdə futbolun gələcək inkişafı üçün atılan addımlar çox zəifdir. Son illərə baxsaq, komanda sayları ildən-ilə mənfiyə düşüb, azalıb. O büdcə ilə bu nəticə çox pisdir, çox. Məsələn, Moldova bizə baxanda həm çox balacadır, həm də maddi tərəfdən çox aşağı səviyyədədilər, amma buna baxmayaraq, çempionatlarında 8 komanda var. O klublar da fərqli-fərqli şəhərləri təmsil edən klublardır. Bizdə bir "Qəbələ"dən başqa hamı Bakıda oynayır. Bu gedişlə tək səfər komandamız olan "Qəbələ"ni də, "Bakı", "Xəzər - Lənkəran", "Simurq" və başqa səviyyəli klublarımız kimi sıradan çıxarmaq istəyirlər. Bu anlamda Moldovada futbol bizdən üstündür.
- Dediniz ki, "Qəbələ"ni də "Bakı", "Simurq", "Xəzər Lənkəran" kimi sıradan çıxarmaq istəyirlər. Sizin də bir zamanlar oynadığının "Bakı" klubunun kimlərin əli ilə dağıdıldığını düşünürsünüz?
- "Bakı" kimlərinsə əli ilə dağıdılıb, deyə bilmərəm. Dəqiqi budur ki, çox təəssüf ki, bu gün o klubların Azərbaycan çempionatından adları silinib, tarixə yazılıb.
- Siz orada oynadığınız müddətdə "Bakı"nın dağılması ilə bağlı hər hansı söhbətlər gedirdimi? Problemlər yaşanırdımı?
- "Bakı"nın son dönəmlərində 7-8 ay əmək haqqı ala bilmədik. Önəmli olan bu deyil. Əsas vacib olan gənclərin çoxu batıb getdi. Akademiyada çox istedadlı oyunçular var idi. Hafiz müəllimin çəkdiyi əziyyətlərə heyif oldu.
- Qeyd etdiniz ki, "Qəbələ"dən başqa bütün klublar Bakıda oynayır. "Qəbələ" artıq sponsor problemi ilə üzləşib və yanvardan klubun AFFA tərəfindən maliyələşəcəyi məsələsi ortaya çıxıb. Sizcə, federasiyanın bir neçə klubu maliyyələşdirməsi sistemində şəffaf oyunlardan söhbət gedə bilərmi?
- Məncə, ən gözəl fikir klublarımızın çoxunun AFFA tərəfindən maliyyələşdirilməsindənsə, iş adamlarının klublara sponsorluq etməsidir. Keçmişdəki kimi klublarımızı Hafiz Məmmədov, Sadıq Sadıqov, Mübariz Mənsimov kimi futbolu sevən imkanlı şəxslər maliyyələşdirsə, daha yaxşı olar. Məhz bu imkanlı və futbolsevər şəxslərin klubları maliyyələşdirməsi nəticəsində futbolumuzun həm inkişafında, həmçinin, maliyyəsində çox irəliləyiş olar.
- Sizcə, hazırda iş adamları nəyə görə klubları maliyyələşdirmək istəmir?
- Yəqin ki, futboldan küsdürüblər. Başqa səbəb yoxdur.
- AFFA küsdürüb?
- Məncə, bu işləri federasiyamız yerinə yetirməlidir. İş adamlarını, xüsusilə, futbolu sevən şəxsləri futbola yönəltmək lazımdır. Belə şəxslərə futbolu sevdirsələr, yəqin ki, çempionatımızda 8 yox, 12-14-16 komanda görə bilərik. Bu da inkişafın əsas təməlidir. Milli 8 komandadan necə futbolçu seçsin?
- Sizcə, federasiyanın bunu etməməsində nə marağı ola bilər?
- Düşünürəm ki, pis maraq olmaz. Çünki bu bizim ziyanımızadır. Futbol elə bir idman növüdür ki, gərək, ölkə olaraq, bu yükün altına girək. Sevməsək, çətin olacaq.
- Mlli komanda demişkən, milli Avro-2020-ni seçmə mərhələsini 1 xalla bitirdi, baş məşqçi Nikola Yurçeviç istefaya göndərildi. Sizcə, qrupdakı oyunları cəmi 1 xalla bitirməyimizin əsas günahkarı baş məşqçi idimi?
- Milli komandaya güclü baş məşqçilər gəlib getdilər. Məncə, gələn məşqçi öz sistemini oturtmalıdır. Düzdür, buna da vaxt lazımdır. Amma məşqçi gəlib vaxt keçirəcəksə, olan yenə bizə olacaq. Məncə, milli komandanın sistemi olmalıdır. Məsələn, “qarşıdakı 5-10 il ərzində bu məqsədə çatdırmalıyıq” deyilməlidir. Çünki futbolda anidən, bir anda irəliləyiş olmur, buna vaxt lazımdır. Bundan sonra dünyaca tanınmış adlar da gəlsə, sistem olmasa, bu 10 il ərzində milli bir mövqeyə ən azı 3-4 oyunçu arasında seçim etməli olmasa, bu faciə deməkdir. Sistemə baxış olmalıdır. Bir-birimizi aldatmayaq, 8 komandalı çempionatla Avropa və dünya çempioanatının qrupunda oynamaq yalnız xəyal olaraq qalacaq. Ən azı 14-16 komanda olmalıdır ki, həm klublarımızın, həm də millimizin Avropada səviyyəsi yüksəlsin. Yoxsa Avropada ancaq "Qarabağ"ı izləyəcəyik. Komandanın birdən-birə qrupda oynamayacağı hamımıza bəllidir. Ona görə də sistem olmasa, heç nə olmaz. Bu futboldur, fərdi idman növü deyil ki, tək həll edəsən.
- Hazırda baş məşqçi postu boşdur. Sizcə, yerli, yoxsa əcnəbi baş məşqçinin milliyə daha çox xeyiri dəyər?
- Vallah, əcnəbi də gəlsə, yerli də gəlsə, tək bir şeyi bilmək lazımdır ki, əgər sistem oturmayacaqsa, kim gəlir gəlsin, xeyri yoxdur. 1-2 ilə o da istefaya gedəcək. Yəni, bunu anlamamaq bu qədərmi çətindir?
- "Qarabağ"ın avrokuboklarda oyununu izləyirsiniz. Sizcə, nə çatışmadı ki, komanda növbəti mərhələyə adlasın?
- Bəli, demək olar ki, oyunların hamısını izləyirəm. Nə çatmadı, bilirsiniz? "Qarabağ" Avropa ilə tək döyüşür, amma məcazi anlamda digər klublarımız yardım etmir. Buna kömək üçün öncə dediyim kimi, federasiyamız qarşıya hədəf qoymalıdır. Məsələn, "5-10 il ərzində klublarımızın sayı ən azı, 14-16 komanda olacaq, çempionatın səviyyəsi yüksələcək". İstər-istəməz, klublarımızın Avropa oyunları zamanı, məhz “play-off”lar daha asan olacaq. Necə ki "Qarabağ" bunu hər il arda-arda edir. Bununla da qruplarda 1 deyil, 2 və ya 3 klubumuz təmsil olunsa, liqa oyunlarında səviyyə və temp yüksək olsa, artıq Avroliqada mübarizələr elə də çətin olmaz. "Qarabağ"ın bu qrupda necə qaldığını görmədiniz? "Sevilya"dan sora qrupun favoriti idi. Bu nə deməkdir? Yəni, bu kluba hərkəsin güvəni çoxdur, adamlar əsl futbol oynayır. Amma onlar da insandır, robot deyil. Liqadakı templə gəlib Avroliqanın tempinə uyğunlaşmaq çox çətindir. Önəmli olan öncə, yerli çempionatımızın səviyyəsini yüksəltməkdir. Sonra klublar da, millimiz də bunun bəhrəsini görəcək. Heç nə yox, bir düşünün ki, çempionatda "Naxçıvan", "Şahdağ", "Kəpəz", "Karvan", "Tovuz", "Şəmkir" "Zaqatala", "Lənkəran" və başqa komandalarımız mübarizə aparır. Çempionat sizə də xoş və maraqlı olmazdı?
- Təbii ki, xoş olardı. Bununla bağlı AFFA nəsə etməlidir...
- Bu dəqiqə hamımız, futbol anlayışı olan hər kəs AFFA-dan nəsə gözləyir. Məncə, artıq bunun üçün hərəkət etmək vaxtıdır, yoxsa futbolumuz uçuruma gedir. Bu gün klub sayı 8-dirsə, sabah 6 olacaq, futbolumuz məhv olacaq.
- Nurlan, yenidən hansısa klubumuzda çıxış etmək istərdinizmi?
- Komanda sayı artmadıqca, bizim çempionata, qıraqda oynayan futbolcularımız can atmazlar. Pis mənada çıxmasın. Mən belə düşünürəm.
- Bəs Moldovadan kənarda xaricdən başqa təkliflərin olurmu?
- Real bir təklfim vardı. Amma klubla 1 illik müqaviləm vardı deyə, söhbəti bağladıq. Müqavilə bitdikdən sonra Azərbaycana qayıtmaq fikrim yoxdur.
- Təklif hansı klubdan gəlmişdi?
- Demək düzgün deyil. Amma orada ingilis dilini öyrənəcəkdim, rus dili yaramır.
Naibə Məmmədova
Telegram kanalımız