Bakıdakı 112 saylı tam orta məktəb kiçik Azərbaycan modelidir: Güclü zəifi döyür. Zəifi dəstəkləməyə cəsarəti çata bilməyən sinif yoldaşları isə ətrafda baş verənlərə seyrçi qalan sıravi azərbaycanlılardır. Əminəm ki, öz sinif yoldaşlarının döyülməsini sakitcə seyr edən şagirdlərin, yəni sıravi azərbaycanlıların ürəyindən həmin vaxt bu sözlər keçib: “Nəyimə lazımdır? Niyə ağrımayan başıma yas dəsmal bağlayım?”
Bizim köhnə şakərimizdir, həmişə öz başımızı və balalarımızı fikirləşmişik. Eşitdiklərimizi duymamazlıqdan, gördüklərimizi görməməzlikdən gəlmişik. Bir də görmüşük ki, doğma balamızı gözümüzün qabağında mal kimi döyürlər. Amma yenə tükümüzü tərpətməmişik, mal kimi gözümüzü döyüb baxmışıq…
112 saylı məktəbdə çəkilən görüntülər düşündürücüdür. Demək olar ki, sinif ağzına kimi şagirdlə doludur. Qoluzorlu məktəbli özündən zəif olan sinif yoldaşını döyür. Çox aqressivdir, sanki düşmənindən qisas alır. Arabir qızların etiraz səsləri eşidilir. Oğlanlar isə nəinki etiraz etmir, əksinə, baş verənləri film kimi izləyirlər. Etiraz edən yoxdur. Mən demirəm ki, kimsə qoluzorlu, qudurğan məktəblini döysün, ona layiq olduğu cəzanı versin. Bəs dalaşanları aralamağa nə söz? Niyə bir nəfər araya girib zavallı sinif yoldaşının vəhşicəsinə döyülməsinə mane olmur?. pizza hut
Bilirəm, indi ürəyinizdən başqa suallar keçir. Məsələn, soruşursunuz ki, bəs müəllimlər, sinif rəhbəri hardadır? Niyə tərbiyə işləri üzrə direktor müavini, direktor səs-küyə reaksiya vermir? Bu barədə yazıb özümün də, sizin də, başınızı ağrıtmaq istəmirəm. Azərbaycan məktəblərinə nəzarət edən bir qurum yoxdur. Varsa da kağız üzərindədir. Azərbaycanda təhsil çoxdan taleyin ümidinə buraxılıb. Tale isə hələ ki üzümüzə gülmür…
Qayıdaq mətləbə. Orda qalmışdıq ki, şagirdlər döyülən sinif yoldaşlarına niyə dəstək olmurlar? Sualı belə də qoya bilərik: Uşaqlar bu mütiliyi, qorxaqlığı, laqeydliyi kimdən öyrəniblər? Yazım: Bizdən! Guya biz nə vaxt güclünün, pullunun, qoluzorlunun qarşısında olub zəifə qahmar çıxmışıq? Biz nə vaxt kasıbı, imkansızı süfrəmizin başında oturtmuşuq? Varlı, vəzifəli adamı görəndə qabağına qaçan, başda yer göstərən, gedəndə maşının iki qapısını birdən açan biz deyilikmi?
Qısacası, biz nə tökmüşüksə, balalarımız da onu yığıb.
Seymur VERDİZADƏ
Telegram kanalımız