Yayın qızmarı, istidən çətinliklə nəfəs aldığımız aylar... Hamı bir neçə günlük də olsa, paytaxtın bürküsündən uzaqlaşmaq üçün fürsət axtarır. Əlbəttə ki, daha ucuz, daha səmərəli olmaq şərti ilə.
Azərbaycan turizm sektorunu inkişaf etdirmək istəsə də, regionlardakı qiymətlər nəinki xarici turistləri, hətta ölkəmizin vətəndaşlarını belə özünə cəlb edə bilmir. Qiymətlərə nəzər saldıqda yemək və yol xərcləri daxil olmaqla iki nəfərin ölkədaxili hər hansı bir istirahət mərkəzində və ya oteldə dincəlməsinin xaricə səfərdən baha başa gəldiyini görmək o qədər də çətin deyil.
Bəs görəsən, məşhurlar yay aylarında necə istirahət edirlər? Pepperoni pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Günel Ələkbərova (“Pişik” Günel) yay aylarını elə ölkə daxilində keçirəcəyini deyib:
“Biz tətildə xaricə getməyi planlamırıq, elə ölkəmizdə - bağımızda dincəlirik. İşimizlə bağlı şəhərdə oluruq, iş olmayanda isə bağa dincəlməyə üz tuturuq. Övladım var deyə, çalışırıq ki, o da dincəlsin. Əlimizə fürsət düşdükcə də rayonlarımıza gedib istirahət edirik”.
Müğənni bölgələrimizdə qiymətlərin yüksək olmasından gileylənib:
“Rayonlarda qiymətlər həddindən artıq yüksəkdir. Yayda isə qiymətlər xüsusilə artır, çox pisdir. Təsəvvür edin, 3-4 gün gedib hər hansı rayonda qaldığın pula 1 həftə Dubayda dincələ bilərsən. Bizdə qiymətlər hədsiz bahadır. Bəzən düşünürsən ki, xeyiri başqalarına verməkdənsə, elə özümüzünkülərə verəsən, lakin qiymətlər kosmikdir. Düşünürəm ki, qiymətlər turistlər üçün elə olmalıdır, yerli əhali üçün yox. Məsələn, Türkiyədə elədir, türk vətəndaşları üçün turistik yerlərdə istirahət etmək standart - ucuzdur, amma turistlər üçün bahadır. Bizdə isə elə şey yoxdur, hamıya yüksək qiymət deyirlər, hər şey çox bahadır. Rayonda gedib dincəldiyin pula Türkiyədə 5 ulduzlu oteldə qala, gündə 4 dəfə yemək yeyə, rahat dincələ bilərsən. Burada dincələndə İsmayıllı, Qəbələ, Şamaxı, Masallı, Lənkərana üz tuturam. Ora da uşağıma görə məcbur qalıb gedirik ki, o istirahət etsin. Vaxt elə uçur ki. Gözünü bağlayıb-açırsan ki, artıq sentyabr ayıdır, dərslər başlayıb. Pandemiya ərəfəsində də heç yerə çıxa bilmədik, “Dəniz Mall”a güc-bəla ilə gedirdik. İnşallah, bu yay da istirahət etməyi planlayırıq”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız